Qurbanov derbiyə saatlar qalmış Kamil Zeynallı ilə bir arada - "Tələsirəm..."
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün "Neftçi" ilə keçirəcəkləri Azərbaycan Premyer Liqasının XXXI tur oyununa saatlar qalmış veteran idmançı Hacı Əliyevə məxsus biznes obyektinin açılış mərasiminə qatılıb.
SAVASHMEDİA.az xəbər verir ki, 53 yaşlı mütəxəssis Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov, titullu karateçi Rafael Ağayev, fitnes məşqçisi Kamil Zeynallı və digər tanınmış şəxslərlə birlikdə tədbirdə iştirak edib.
Qurbanov səbəbkarı təbrik edərək, uğurlar arzuladıqdan sonra obyekti tərk edib. Baş məşqçi Teleqraf-a eksklüziv açıqlamasında tədbirdə çox qala bilmədiyini söyləyib: "Təəssüf ki, bugünkü oyunumuzla əlaqədar burada sonadək ola bilmədim, komandamın yanına tələsirəm".
AFFA İcraiyyə Komitəsinin üzvü aprelin 11-də milli assosiasiyanın Hesabat Konfransında iştirak etməyib. O, eyni zamanda, həmin gün İcraoyyə Komitəsinin son toplantılarında yer almayıb. Həmin vaxt Qurbanov bu qərarını iclasların "Qarabağ"ın oyun günlərinə təsadüf etməsi ilə əlaqələndirib.
Baş məşqçi bugünkü oyun ərəfəsində tədbirə qatılmasını isə belə izah edib: "AFFA-nın toplantıları "Qarabağ"ın oyun günlərinə təsadüf etmişdi, həmin vaxtlar isə məşqlərimiz var idi. Ona görə də toplantılara qatıla bilməmişdim. Bu gün də oyunmuz var, amma hazırlığımız tam bitib, sadəcə oyun qalıb. Başqa bir şey yoxdur".
Qurbanov Hacı Əliyevə yeni fəaliyyətində uğurlar arzulayıb: "Çox sevindim. Hacı bizim dostumuz, çox ləyaqətli idmançımızdır. Belə bir insanların "Ağ şəhər"də bu cür layihə ərsəyə gətirməsi, biznesə girşməsi, iş görməsi məni çox sevindirdi. İnanıram ki, özü əxlaqı və peşəkarlığı ilə Azərbaycan idmanına, ümumilikdə Azərbaycan gənclərinə nümunə olduğu kimi, bu addımı da digər idmançılara, üzdə olan insanlara bir təkan olacaq".
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlanacaq.