Ramzan Kadırovun anası ilə İlham Rəhimov eyni siyahıda - SANKSİYA

Böyük Britaniya və Avstraliya çərşənbə günü Rusiyaya qarşı sanksiya siyahılarını genişləndiriblər.

Sep 3, 2025 - 15:06
Ramzan Kadırovun anası ilə İlham Rəhimov eyni siyahıda - SANKSİYA

SAVASHMEDİA.az bu barədə “AzadlıqRadiosu”na istinadən xəbər verir.

Britaniyanın sanksiya siyahısına Çeçenistan rəhbərinin anası Aymani Kadırova, həmçinin Axmat Kadırov Fondu daxil edilib. Siyahıda həmçinin “Birincilər Hərəkatı” və “Qələbə Könüllüləri” hökumətyönlü gənclər təşkilatları, Tatarıstan baş nazirinin müavini Leyla Fazleyeva, Çeçenistan Respublikası Daxili İşlər Nazirliyinin Kadırov adına xüsusi təyinatlı polis alayının komandiri Zamid Çalayev və daha bir neçə məmur var. Britaniya hakimiyyət orqanlarının iddiasına görə, Zamid Çalayev və digər məmurlar ukraynalı uşaqların qeyri-qanuni şəkildə Rusiyaya aparılmasında və uşaqların indoktrinasiyasında iştirak ediblər. 

Avstraliyanın xarici işlər naziri Penni Vonq isə 14 Rusiya vətəndaşına qarşı sanksiyalar elan edib. Onun sözlərinə görə, həmin şəxslər Rusiyada siyasi müxalifətin sıxışdırılmasında və Ukraynadakı müharibəyə yardımda iştirak edirlər. “Sirena”nın məlumatına görə, siyahıda Vladimir Putinə yaxın olan biznesmen İlham Rəhimov, Ural Mədən-Metallurgiya Şirkətinin həmtəsisçisi Andrey Kozitsin, Tatarıstanın keçmiş prezidentinin oğlu Radik Şaymiyev, Moskva merinin müavini Maksim Liksutov və media meneceri Kristina Potupçik var.

Vonq vurğulayıb ki, bu gün o, Rusiya müxalifətinin liderlərindən biri olmuş Aleksey Navalnının dul arvadı Yuliya Navalnaya ilə görüş keçirəcək. O, qeyd edib ki, yeni sanksiyalar Avstraliya hakimiyyətinin əvvəllər qəbul etdiyi bir sıra qərarları, o cümlədən Navalnını təqib edən şəxslərə qarşı sanksiyaları davam etdirir. 

Avstraliyalı nazir bir daha Rusiya hakimiyyətini müxalifətçinin cəzaçəkmə müəssisəsində ölümünü araşdırmağa çağırıb. 

Xatirə SADİQ