Rus müxalifətindən Karniyə müraciət - “Lütfən, bunu edin”

Rusiyalı müxalifətçilər Kanadanın baş naziri Mark Karnini ABŞ-dən deportasiya təhlükəsi ilə üzləşən müxalif düşüncəli Rusiya vətəndaşlarını ölkəsinə qəbul etməyə çağırıblar.

Sep 3, 2025 - 16:13
Rus müxalifətindən Karniyə müraciət - “Lütfən, bunu edin”

SAVASHMEDİA.az “Azadlıq Radiosu”na istinadən xəbər verir ki, müraciəti Vladimir Kara-Murza, Yuliya Navalnaya və İlya Yaşin imzalayıblar.

Onlar bu çağırışlarını ABŞ-də immiqrasiya siyasətinin sərtləşdirilməsi səbəbi ilə izah ediblər. 

İlya Yaşin məktubun rus dilində tərcüməsi dərc edib. “Hazırda ABŞ-dən sığınacaq istəyən müxalif ruslar üçün işlər pisdir – və günbəgün daha da pisləşir. Putinin həbsxanalarından qaçan bir çox soydaşımız Amerikanın immiqrasiya həbsxanalarına düşüb”, - deyə o, təşəbbüslərini izah edib.

Müxalifət lideri Rusiyaya deportasiya edildikdən sonra həbs edilən fəal Leonid Meloxinin taleyini xatırladıb: “İnsanları Amerikadan sadəcə olaraq deportasiya edirlər. Bu, böyük risklər yaradır, bəzən hətta insanların həyatını məhv edir”.

O, həmçinin ABŞ-dən Rusiyaya deportasiya edilən fəal Aleksandr Qudun İstanbulda olarkən üçüncü ölkəyə uçmağı bacardığı məsələsinə toxunub. Yaşin bunu istisna hal kimi qiymətləndirib və bildirib ki, hələ heç kim bu mövzuda ABŞ hakimiyyəti ilə sistemli şəkildə dialoq qura bilməyib

Müxalifət liderləri Kanadanın baş nazirindən “humanizm nümayiş etdirməyi” və “ABŞ-dən qovulan müharibə əleyhdarı olan rusları qəbul etməyə, Ağ Evi belə bir hazırlıq barədə məlumatlandırmağa” başlamağı xahiş ediblər. Kanada hakimiyyətinə “müharibə əleyhinə və müxalifət fəaliyyəti şübhə doğurmayan və ABŞ hakimiyyətinin deportasiya etmək qərarına gələn” ruslara sığınacaq vermək, Kanadanın ABŞ-dəki səfirliyində belə rusların müraciət edə biləcəyi işçi qrupunun yaradılması təklif olunub.

Yaşin qeyd edib ki, bu təşəbbüslə bağlı Kanadanın ən böyük qəzeti “The Globe and Mail” məlumat yayıb, amma Kanada rəsmilərindən hələlik heç bir reaksiya yoxdur.

Xatırladaq ki, Donald Tramp administrasiyası hakimiyyətə gəldikdən sonra ABŞ-dən müraciətləri təmin edilməyən qeyri-qanuni mühacirlərin və sığınacaq axtaranların ölkədən deportasiya halları artıb. Bu, Rusiya vətəndaşlarına da aiddir. Bu yaxınlarda onlarla rusiyalı ABŞ-dən Misir vasitəsilə Rusiyaya deportasiya edilib. 

Xatirə SADİQ