Avropa Rusiya neftindən istifadəni dayandırmalıdır - Ağ Evin tələbi

Trampın administrasiyası Avropa ölkələrinin Rusiyadan neft almasını dayandırmasını və Moskvanın ticarət tərəfdaşlarına qarşı sanksiyalara qoşulmasını istəyir. 

Sep 3, 2025 - 16:07
Avropa Rusiya neftindən istifadəni dayandırmalıdır - Ağ Evin tələbi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ağ Evin yüksək vəzifəli nümayəndəsinə istinadən New York Post (NYP) nəşri yazıb.

Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin (CREA) fevral hesabatına əsasən Avropa 2024-cü ildə Rusiya neftinin idxalına Ukraynaya hərbi dəstəkdən (21,7 milyard dollar) daha çox pul (25,5 milyard dollar) xərcləyib.

Nəşrin yazdığına görə, Rusiya neftindən imtina etməklə yanaşı, Vaşinqton Avropadan Rusiyanın enerji resurslarının əsas idxalçılarına: Çin, Hindistan və Türkiyəyə qarşı sanksiyaları dəstəkləyəcəyini gözləyir. 

NYP qeyd edir ki, bu ideya yeni deyil, lakin danışıqlar yolu ilə Rusiya və Ukraynanı sülhə gətirmək cəhdləri dalana dirəndikdən sonra Ağ Ev bu məsələnin fəal şəkildə nəzərdən keçirilməsinə qayıdıb. “Mən prezident Putindən çox məyus oldum”, - deyə Donald Tramp bir gün əvvəl vurğulayıb.

ABŞ-nin maliyyə naziri Skott Bessent sentyabrın 1-də bildirib ki, Rusiya prezidenti Vladimir Putin Alyaskada Donald Trampla danışıqlar zamanı söz verdiyi kimi hərəkət etmir. Bununla əlaqədar, ABŞ hökuməti Rusiya ilə bağlı mümkün hərəkət imkanlarını “diqqətlə öyrənəcək”.

Xatirə SADİQ