Rus satıcısı Latviyada meydan oxumaq istədi – təhlükəsizlik orqanları işə qarışdı
Latviya Dövlət Təhlükəsizliyi Xidməti müştəriyə latış dilində xidmət göstərməkdən imtina edən və onunla rus dilində danışmağa razı olmayanları “nasist” adlandıran satıcı qadının çalışdığı mağazaya baxış keçirib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Delfi” portalı məlumat yayıb.
Məlumatda deyilir ki, sosial şəbəkələrdə Riqa ticarət mərkəzindəki “Postcard” dəftərxana ləvazimatları və hədiyyələr mağazasının satıcısı ilə bağlı qalmaqaldan söhbət açılıb. Rusiyalı satıcının “rus mağazası” olduğu üçün müştərilərə rəsmi latış dilində xidmət göstərmək istəyinə aqressiv reaksiya verdiyinə və latış dilində xidməti tələb edənləri “nasist” adlandırdığına diqqət cəlb edilib. Məsələni gündəmə gətirən müştəri qadının bu xəbəri böyük səs-küyə səbəb olub.
Latviyanın Dövlət Təhlükəsizliyi Xidməti KİV-ə təsdiqləyib ki, hadisənin baş vermə səbəblərini araşdırmağa başlayıblar və oktyabrın 19-da satıcı qadınla söhbət edilib. Rus qadına nifrət və ayrı-seçkilik doğuran ifadələrin cinayət məsuliyyəti ilə nəticələnəcəyi barədə xəbərdarlıq olunub.
Məmurlar həmçinin mağazanın sahibi və onun icarəyə götürdüyü ticarət mərkəzinin rəhbərliyi ilə də danışıblar. Onlar belə halların qarşısını almaq üçün əlavə tədbirlər görülməsini tələb ediblər.
Xatırladaq ki, ilin əvvəlindən Latviyada immiqrasiya qanununun tələblərinə əməl etməyən – dövlət dilini bilmək üçün imtahan verməyən və başqa yaşayış icazəsi üçün müraciət etməyən rusların ölkədən çıxarılması prosesinə start verilib.
Xatirə SADİQ