Rusiya Türkiyəyə satdığı raketləri geri istəyir - "Özümüzə lazımdır"

Moskva əvvəllər Türkiyəyə tədarük edilmiş S-400 zenit-raket komplekslərini onlara satmağı  təklif edib. 

Sep 15, 2025 - 13:03
Rusiya Türkiyəyə satdığı raketləri geri istəyir - "Özümüzə lazımdır"

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Türkiyənin "Nəfəs" nəşrinə mənbələr bildiriblər.

Mənbələrin sözlərinə görə, Moskva bu addımı öz anbarlarında belə sistemlərin çatışmazlığı səbəbindən atıb. Onların fikrincə, Rusiya Ukraynaya qarşı müharibə zamanı bütün mövcud hava hücumundan müdafiə sistemlərindən istifadə edib və buna görə də S-400 almaqda maraqlı olan digər ölkələrə hazır sistemlər təklif edə bilməz. Lakin 2019-cu ildə S-400 alan Türkiyə NATO standartlarına cavab vermədiyi üçün onlardan praktiki olaraq istifadə etmir.

Mənbələr nəzərə çatdırıblar ki, S-400 ilə birlikdə tədarük olunan raketlərin xidmət müddəti artıq yarıya qədər başa çatıb və bu sistemlərin Türkiyə üçün dəyərini aşağı salır. Onlar vurğulayıblar ki, sistemləri Rusiyaya geri satmağın başqa bir səbəbi ABŞ-nin Türkiyəni F-35 qırıcılarının tədarükü proqramından çıxarmaq qərarı ola bilər. 

Lakin “RİA Novosti” iddia edir ki, Türkiyə tərəfinin sistemləri Moskvaya qaytarması məsələsi hazırda müzakirə olunmur.

“The Moscow Times” xatırladıb ki, Rusiya və Türkiyə 2017-ci ildə ümumi dəyəri 2,5 milyard dollar olan 4 S-400 batalyonunun tədarükü üçün müqavilə imzalayıb. Ancaq Ankara ABŞ-nin təzyiqi ilə üzləşdikdən sonra onlardan istifadə etməyib. Türkiyə hətta Vaşinqtona təklif edib ki, F-35 qırıcılarının satılması müqabilində Rusiya kompleksi anbarlarda saxlanıla bilər. Sonradan Türkiyənin müdafiə naziri Yaşar Gülər bildirib ki, ABŞ-nin artıq bu ölkənin Rusiya sistemlərindən istifadə etməsinə etirazı yoxdur.
 
Bu ilin iyununda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, S-400 sistemləri ölkənin hava hücumundan müdafiə ehtiyaclarını tam ödəyə bilmir. O, Türkiyənin zenit-raket sistemlərinin – “Siper”, “Korkut”, “Hisar” və “Sunqur”un inkişafını xatırladıb. Onun fikrincə, ölkə “ küncdə” oturub “kimdənsə “silah alacağını” gözləsəydi, bu sistemlər yaradılmazdı.

Xatirə SADİQ