"Rusiyadakı koreyalı əsgərlərin sayı 10 mindir, onlar Kurska gələcək" - Kəşfiyyat
“Şimali Koreya əsgərlərinin Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirakı cəbhədəki vəziyyəti dəyişməyəcək”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Estoniya Müdafiə Qüvvələrinin Kəşfiyyat Mərkəzinin rəisi, polkovnik Ants Kiviselq deyib.
Şimali Koreyanın Ukraynadakı təcavüzü dəstəkləmək üçün Rusiyaya əsgər göndərməsi ilə bağlı xəbərlərə münasibət bildirən Kiviselq bildirib ki, bu, Rusiyanın hərbi fəallığın intensivliyini saxlamaqla bağlı problemlərindən xəbər verir.
“Məlumatlara görə, Şimali Koreya bölmələrinin sayı 10 min əsgərə çata bilər və onlar hazırda Rusiyanın Şərq hərbi dairəsindədirlər. Həmçinin şimali koreyalılardan ibarət desant-hücum briqadasının bazasında təxminən 3 min nəfərlik bölmənin yaradılması barədə informasiya var. Yəqin ki, onlar gələcəkdə Kursk və ya Bryansk vilayətlərində fəaliyyət göstərəcək. Eyni zamanda, Şimali Koreyanın Ukrayna cəbhəsinə bu cür qüvvələr göndərməsi – 3 min nəfər və ya 10 min nəfər – döyüş meydanında heç bir ciddi dəyişiklik gətirməyəcək. Lakin bu, daha uzun müddət davam edərsə, gələcək döyüşlərdə əhəmiyyətli rol oynaya bilər”, - polkovnik bildirib.
O, izah edib ki, Rusiyaya hərbi yardım göstərmək Şimali Koreya və İran rəhbərliyinə bundan öz maraqları üçün istifadə etmək imkanı verir.
“Bu, İran və Şimali Koreyaya Rusiya Federasiyasından bu günə qədər əlçatmaz qalan və gələcəkdə bu ölkələrin istifadə edə biləcəyi təhlükəsizlik və ya texnoloji məlumatların müstəsna təminatlarını tələb etmək imkanı verir. Ukrayna və ya Rusiya Federasiyası ərazisində döyüşlərdə iştirak edən hərbi qulluqçular öz bölgələrindəki qonşularına qarşı istifadə edə biləcəkləri hərbi təcrübə qazanacaqlar”.
Qeyd edək ki, prezident Volodimir Zelenski Şimali Koreyanın Ukraynadakı müharibədə faktiki iştirakı ilə bağlı kəşfiyyat məlumatlarına istinad edərək, KXDR-i Rusiyaya kadr ötürməkdə ittiham edib.
Xatirə SADİQ