Rusiyalı general amerikalı həmkarına zəng etdi
Rusiya Baş Qərargahının rəisi Valeri Gerasimov ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Brauna zəng edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Nəşr yazır ki, Gerasimovun zəngi noyabrın 27-də Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub. Bu, “Oreşnik” raketinin Ukraynanın Dnepr şəhərini vurmasından altı gün sonra olub.
Gerasimov iddia edib ki, “Oreşnik” orta mənzilli ballistik raketin buraxılışı əvvəlcədən planlaşdırılıb və bu, Ukraynanın Rusiya ərazisində Amerikanın “ATACMS” raketlərindən istifadəsinə Rusiyanın reaksiyası deyil.
“ABC News”un məlumatına görə, Gerasimov bu söhbəti Aralıq dənizinin şərqində hipersəs raketlərinin sınaqları ilə bağlı xəbərdarlıq etməkdən başlayıb. O, təhlükəsizliyi təmin etmək üçün ABŞ dəniz qüvvələrini hədəf bölgəsindən uzaq durmağa çağırıb.
“Onlar qlobal və regional təhlükəsizlik məsələlərinin, o cümlədən Ukraynadakı müharibəni müzakirə etdilər. General Gerasimovun xahişi ilə general Braun bu zəngin mahiyyəti barədə əvvəlcədən elan etməməyə razılıq verdi”, - deyə Braunun sözçüsü Ceril Dorsi bildirib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin “Oreşnik”dən istifadə olunmasını Ukraynanın Rusiya ərazisinə Amerika raketləri atmaq icazəsinə cavab adlandırmışdı.
Xatirə SADİQ