“Rusiyanın müdaxilə cəhdi ilə üzləşirik” - polyak nazir

“Polşada indiki prezident seçkiləri zamanı biz Rusiyanın seçki prosesinə görünməmiş müdaxilə cəhdi ilə üzləşirik”.

May 6, 2025 - 14:55
“Rusiyanın müdaxilə cəhdi ilə üzləşirik” - polyak nazir

SAVASHMEDİA.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Polşanın baş nazirinin müavini və rəqəmsallaşdırma naziri Kşiştof Qavkovski müdafiə məsələləri üzrə konfransda bildirib.

Onun sözlərinə görə, bu, dövlətin normal fəaliyyətini iflic etmək məqsədi ilə Polşanın kritik infrastrukturuna hibrid hücumlarla birlikdə dezinformasiyanın yayılması əsasında baş verir.

Nazir qeyd edib ki, hücumlar su təchizatı, istilik elektrik stansiyaları, enerji təchizatı obyektləri və dövlət idarəetmə orqanlarına qarşı yönəlib. Ötən illə müqayisədə Rusiya kibertəhlükəsinin Polşadakı səviyyəsi iki dəfədən çox artıb.

“Bu gün çıxışımın hər dəqiqəsində Polşadakı mühüm infrastruktura qarşı yönəlmiş ondan çox insident qeydə alınır”, - nazir əlavə edib.

Polşa hakimiyyəti iddia edir ki, ölkənin Ukraynaya yardım üçün logistik mərkəz rolu onu Rusiyanın kiberhücumları və dezinformasiya kampaniyaları üçün əsas hədəfə çevirib.

Varşava bildirib ki, onlayn təhlükəsizliyi gücləndirmək üçün çalışır və prezident seçkiləri ərəfəsində kiberhücumların artması ərəfəsində sosial media platformaları ilə danışıqlar aparır. 

Aprelin 2-də Polşanın baş naziri Donald Tusk onun “Vətəndaş Platforması” partiyasının xarici kiberhücuma məruz qaldığını bəyan edib.

Baş nazirin müavini və rəqəmsallaşdırma naziri Kşiştof Qavkovski sonradan nəzərə çatdırdı ki, Tuskun partiyası Rusiya və Belarusdan olan qruplar tərəfindən kiberhücuma məruz qalıb.

Xatirə SADİQ