“Rusiyaya dünyanı bölmək imkanı verilməməlidir” – Andrey Yermak
Ukrayna prezidenti Vladimir Zelenski gələn həftə qatılacağı Münhen Təhlükəsizlik Konfransında müharibəni bitirməyin yollarından danışacaq.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyinə Ukrayna prezident ofisinin rəhbəri Andrey Yermak bildirib.
Ukrayna nümayəndə heyətinin tərkibində təmsil olunacaq Yermak qeyd edib ki, heyət ölkənin müharibəyə son qoyulması ilə bağlı mövqeyini, uzunmüddətli və davamlı sülhə necə nail olunmasına dair baxışını təqdim edəcək.
“Münhendə olacaq liderlərin və siyasi ekspertlərin bunun bir impuls olduğunu başa düşmələri zəruridir. Biz bu müharibəni həqiqətən ədalətli və davamlı sülhlə bitirməyə çox yaxınıq, lakin birlikdə olmaq vacibdir. Rusiyaya dünyanı bölmək, tərəfdaşları bölmək imkanı verilməməlidir”, - deyə Yermak əlavə edib.
Onun sözlərinə görə, Ukrayna Rusiyanın təkrar təcavüzünün qarşısını almaq üçün hansı təhlükəsizlik təminatlarının yaradıla biləcəyini müzakirə etməyə ümid edir.
Yermak həmçinin Zelenski ilə Tramp arasında görüş tarixinin hələ müəyyən edilmədiyini, lakin bunun mümkün qədər tez baş tutmalı olduğunu bir daha təkrar edib: “Biz bunun üzərində işləyirik”.
O, təsdiqləyib ki, Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Münhen Təhlükəsizlik Konfransından sonra, təxminən fevralın sonunda Kiyevə səfər edəcək.
Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransında ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens və Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq da iştirak edəcəklər.
Xatirə SADİQ