Saakaşvilinin müxalifətçiyə sui-qəsddə əli ola bilər – Gürcüstan prokurorluğu
Gürcüstan prokurorluğu eks-prezident Mixail Saakaşvilinin 2016-cı ildə müxalifətçi Givi Tarqamadzeyə qarşı sui-qəsd cəhdində iştirakının mümkünlüyü barədə açıqlama verib.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, prokurorluq bunu sui-qəsd cəhdində ittiham olunan David Xeçuaşvilinin ifadəsi əsasında yeni halların müəyyən edilməsi ilə izah edib.
Gürcüstan Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, David Xeçuaşvili sentyabrın 20-də Türkiyədən sərhədi qeyri-qanuni olaraq keçməyə cəhd edərkən saxlanılıb.
İfadələrə görə, Xeçuaşvili 2016-cı ilin yayında Ukraynada Şota (Mövlud) Çiçiaşvili ilə görüşüb. Şota ona bildirib ki, bu yaxınlarda Saakaşvili və Gürcüstan DİN-nin keçmiş rəis müavini Gia Lortkipanidze ilə görüşüb. Guya o zaman eks-prezident Givi Tarqamadzenin “Gürcü arzusu” ilə əməkdaşlıq etməsindən şübhələnirmiş və Çiçiaşviliyə onu izləməyi tapşırıb. Çiçiaşvili isə izləmək məsələsi ilə bağlı Xeçuaşvilidən kömək istəyib və bunun müqabilində ona Odessada yaxşı vəzifə vəd edib.
Bu ifadələrdən belə çıxır ki, Xeçuaşvili cinayətin icraçısı olmayıb, o, sadəcə olaraq 2016-cı il oktyabrın 4-də avtomobili partladılan Tarqamadzeni izləyib. Halbuki 2019-cu ildə Tiflis Şəhər Məhkəməsi onu ağırlaşdırıcı şəraitdə adam öldürməyə cəhddə, qanunsuz silah və döyüş sursatı əldə etməkdə və saxlamaqda, habelə başqasının əmlakını məhv etməkdə təqsirli bilib. Xeçuaşvili qiyabi olaraq 18 il həbs cəzası alıb.
Saakaşvilinin prezidentliyi dövründə Gürcüstan Daxili İşlər Nazirliyinin Konstitusiya Təhlükəsizliyi Departamentində işləmiş David Xeçuaşvili müxalifətçiyə sui-qəsddən sonra qeyri-qanuni olaraq Türkiyəyə keçib.
Gürcü mediası xatırladıb ki, Şota (Mövlud) Çiçiaşvili 2000-ci illərin əvvəllərində Gürcüstanda baş vermiş səs-küylü işlərdə ad çıxarmış cinayətkar olub. O, Saakaşvilinin hakimiyyəti dövründə 22 il müddətinə həbs olunub, lakin “Gürcü arzusu” hakimiyyətə gəldikdən sonra amnistiyaya məruz qalıb. Çiçiaşvili 2013-cü ildə azadlığa buraxılıb, 2019-cu ilin payızında isə Kiyevdə polislə atışmada öldürülüb.
Xatirə SADİQ