Saakaşvilinin partiyasının təmsilçisi cəzalandırıldı – 4 il MSK üzvü ola bilməyəcək
Gürcüstan müxalifətinin Mərkəzi Seçki Komissiyasındakı (MSK) nümayəndələrindən biri olan David Kirtadze növbəti 4 il ərzində bu komissiyanın üzvü ola bilməyəcək.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə Tiflis şəhər məhkəməsi hökm çıxarıb.
Məhkəmənin qərarına görə, 16 noyabr tarixli iclasda MSK sədri Giorgi Kalandaraşvilinin üzərinə qara boya atan “Vahid Milli Hərəkat” partiyasının MSK-dakı təmsilçisi David Kirtadze komissiyanı tərk etməlidir və Seçki Məcəlləsinin 91-ci maddəsinə əsasən 500 lari çərimə ödəməlidir.
Bu məcəllənin 10-cu maddəsinin 5-ci bəndində bildirilir ki, seçki qanunvericiliyinin pozulması ilə əlaqədar inzibati xəta törətmiş şəxsin MSK üzvü təyin edilməsi qadağandır. O, məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra 4 il müddətində MSK-nın üzvü təyin edilə bilməz.
Yeri gəlmişkən, yeni seçilmiş parlamentin iclasından sonra oktyabrın 26-da keçiriləcək seçkilərin nəticələrinə uyğun olaraq MSK-nın partiya tərkibi yenilənməlidir.
Xatirə SADİQ