“Rostex”in vitse-prezidentinin oğlu İspaniyada həbs olundu

İspaniya polisi “Rostex” dövlət korporasiyasının vitse-prezidenti Vladimir Artyakovun böyük oğlu Dmitri Artyakovu həbs edib. 

Jul 14, 2025 - 15:38
“Rostex”in vitse-prezidentinin oğlu İspaniyada həbs olundu

SAVASHMEDİA.az “The Moscow Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə OCCRP məlumat yayıb. 

Məlum olub ki, vitse-prezidentin oğlu İspaniyanın şimal-şərqində daşınmaz əmlak alqı-satqısı yolu ilə milyonlarla avronun yuyulmasında şübhəli bilinir.

İspaniyanın Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun apardığı istintaq çərçivəsində Dmitri Artyakov şənbə günü Gironadakı evində həbs edilib. Mənbələr bildiriblər ki, istintaq İspaniyanın cinayət işləri üzrə ən yüksək instansiya hesab olunan Milli Məhkəmə Palatası ilə koordinasiyalı şəkildə aparılır.

Dmitri Artyakov 2022-ci ildən Avropa İttifaqının (Aİ) deyil, yalnız Ukrayna, ABŞ və Kanadanın şəxsi sanksiyaları altındadır. Bu, ona qanuni olaraq İspaniyada yaşamaq və orada daşınmaz əmlaka sahib olmaq imkanı verir.  

İstintaqın versiyasına görə, Artyakov 2005 – 2008-ci illər ərzində Castell-Platja d'Aro sahilyanı şəhərində 8 daşınmaz əmlak əldə edib. Vəsaitlərin mənbəyinin irimiqyaslı beynəlxalq çirkli pulların yuyulması şəbəkəsi olan “Troyka Dialog Laundromat” sxemi ilə əlaqəli kapital olduğu güman edilir. Bu sxem Rusiyadan offşor şirkətlər vasitəsilə milyardlarla dollar vəsaitin çıxarılmasına imkan verir. 

Mülklər əvvəlcə Artyakovun nənəsi Anna Kurepina tərəfindən 14 milyon avroya alınıb. 2014-cü ildə məhkəmə sənədlərinə görə o, mülklərini nəvəsinə 10 milyon avroya yenidən satıb. 

Müstəntiqlər təxmin edirlər ki, Kurepina yalançı şəxs kimi çıxış edib: o, laundromat şəbəkəsi ilə əlaqəli olan “Delco Networks” ofşor şirkətindən ən azı 14 milyon avro alıb. O, heç vaxt qaytarılmayan istiqrazlar kimi qələmə verilən 20-yə yaxın köçürmə alıb. İspaniya hakimiyyəti Gironadakı daşınmaz əmlak obyektlərini və müvafiq maliyyə axınlarını daha geniş çirkli pulların yuyulması sxeminin bir hissəsi kimi nəzərdən keçirir.

Vladimir Artyakov 2007-2012-ci illərdə Samara vilayətinin qubernatoru olub. Bundan əvvəl o, bir neçə il AVTOVAZ-da top menecer olub – 2005-ci ilin sonunda şirkətin direktorlar şurasının sədri seçilib. O, həmçinin AvtoVAZ Qrupunun prezidenti və holdinqin idarə heyətinin sədri vəzifələrində çalışıb.

Xatirə SADİQ