Sabiq mer böhtançı çıxdı 

Donald Trampın məsləkdaşı, Nyu-Yorkun keçmiş meri Rudi Culiani Manhettendəki mənzilini və qiymətli əşyalarını Corciya seçki komissiyasının iki qadın əməkdaşına təhvil verməyə vadar edildi.

Oct 24, 2024 - 14:10
Sabiq mer böhtançı çıxdı 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.

Məlumatda deyilir ki, federal hakimin qərarına əsasən, keçmiş mer 7 gün ərzində mənzilinin açarını evdə saxlanılan pullar və qiymətli əşyalarla birlikdə Rubi Friman və onun qızı Şey Mossa təhvil verməlidir. 

Nyu-Yorkun federal məhkəməsi ötən il sabiq merin, Trampın dostunun bu iki qadına böhtan atdığını sübut edib. Beləliklə, ana-qız böhtan haqqında məhkəmə prosesinin qalibi olublar.  

Rudi Culiani ana və qızı 2020-ci ildə keçirilmiş prezident seçkiləri ilə bağlı səsvermə günündə Fulton dairəsində bülletenlərin sayılarkən saxtakarlıq etməkdə ittiham edib. Bundan sonra hər iki qadın  məhkəməyə müraciət ediblər və Culianidən 150 milyon dollara qədər təzminat tələb ediblər. 

Bununla da Culiani faktiki olaraq var-dövlətinin əsas hissəsindən məhrum edildi. 

Xatirə SADİQ