Salome Zurabişvili Gürcüstanı tərk edir - “Amma qayıdacağam…”
Salome Zurabişvili yaxın günlərdə siyasi böhrandan çıxmaq üçün konkret müddəaları özündə əks etdirən və yenidən Gürcüstanda növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edən sənəd hazırlayacağını vəd edib.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, Gürcüstanün beşinci prezidenti bunu Orbeliani sarayının önündə toplaşanlara müraciət edərkən söyləyib.
Onun sözlərinə görə, seçki tələbi sadəcə şüar və ritorik bəyanatdan ibarət olmamalıdır.
Beşinci prezidentin sözlərinə görə, o, cəmiyyətin müxtəlif təbəqələri, xüsusən biznes, dövlət qulluqçuları, yeni siyasi qüvvələr və küçələrdə etiraz edən gənclərlə genişmiqyaslı görüşlərə başlamaq, yaxın günlərdə və həftələrdə isə Gürcüstanın bölgələrinə səfər etmək niyyətindədir. Məqsəd – müxtəlif şəhərlərdə etiraz edən və ölkəni müdafiə edən insanlarla görüşməkdir.
Bundan başqa, beşinci prezident xaricə getməyə və oradan qayıtmağa söz verib. Zurabişvilinin sözlərinə görə, o, artıq çoxlu rəsmi səfər təklifi alıb.
Çıxışının sonunda prezident söz verib ki, dekabrın 31-də Yeni ili etirazçılarla birlikdə Rustaveli prospektində qeyd edəcək.
Xatirə SADİQ