Saqqal: Fayda yox, fəsad çox
Hər kəs bilir ki, canlılarda tük tökülür. Ya əvəzləmə gedir (rotasiya), ya da tük bizi tərk edir – qaş, kiprik... Bədəndə, başda.
Aşpazlar xüsusi papaq taxırlar. Gözəllik xatirinə deyil, gigiyena məqsədi ilə. Təyyarə pilotlarına isə saqqal saxlamaq qadağandır. Uçuş gəmisinin və sərnişinlərin təhlükəsizliyi baxımından: qəza zamanı oksigen maskası onun üzünə kip yatsın deyə.
Deyilənə görə, 40–50 il bundan əvvəl bütün günü küçədə gəzib, 1 nəfər belə saqqallı adama rast gəlməzdin. Tanışı, qohum-qonşunu üzü tüklü görəndə aşağı səslə soruşurdular: “Rəhmətə gedən var?”.
Qədim zamanlarda kişilər bığı, saqqalı, saçı kəsmirdilər. Alət yox idi. İbtidai icma quruluşu dövrünün tüklü kişilərini təsəvvür edəndə adamın öz tükləri ürpəşir. Sonra iti alətlər, nəhayət, qayçı, ülgüc meydana gəldi.
Elə düşünmə ki, kişilər bununla təmizliyə çıxdılar. Hazırda bir çox orta yaşlı və qoca kişinin burnunun içərisindən, qulaqlarından sırtıq tüklər boylanaraq, maraqla ətrafa baxır. Gözləri zəif, əlləri əsən qoca həmin tükləri rədd etməkdə acizdirsə, bu işlə onun arvadı, qızı, gəlini məşğul olmalıdırlar.
Bir çox filmdə keçmişin adamının başı, üzü nizamsız tüklərlə örtülüdür, bığı isə üst dodağına yaxın gəlmir. Görünür ki, çəkiliş qrupundakı dəllək qayçı ilə səliqəli işləyib. Amma quruluşçu rejissor və rəssam diqqətsizlik göstəriblər.
Bu gün qocalı-cavanlı neçə “igid”in lopa bıği onun ağzına girir. Natəmizlikdir!
Yadına sal. “Arşın mal alan” filmində Soltan bəy söyləyir: “Mən bəylərlə oturub plov yemirəm ki, bığım yağa batmasın”.
Gigiyena. Gözəllik yox, yaraşıq deyil, məhz gigiyena ön planda durmalıdır. Aşpazların məsələsində belədir. Amma xörəkdə tapılan xoşagəlməz tük bığdan, xüsusilə saqqaldan da düşə bilər.
Aşpazlığı qoyaq kənara. Evdə öz qabından tük tapsan, xörəyi bişirmiş nənənə, anana, arvadına deyil, güzgüdə saqqalına bax. Hələ demirəm ki, uzun saç, saqqal nə qədər qum, toz, xırda həşərat toplayır, onların sığınacağına çevrilir. İnsanın kipriklərində azı 25 gənə var. Onlar gözə görünmür. Yalnız hərdən azıb gözə girə bilər. Saqqaldakı ünsürlər isə birbaşa sənin ağzına yol tapır.
Gənclik, cavanlıq özü gözəldir. Sağlam bədən, parlaq gözlər, hamar dəri... Onları niyə saqqal cəngəlliyində batırırsan?
Dünya saqqal epidemiyasına qərq olub. Gənclər xüsusi səylə könüllü surətdə yoluxurlar. Hər kəsin ayrılıqda niyə saqqal saxladığını bilmirəm. Ayrılıqda kimin hansı səbəbdən siqaret, qəlyan, veyp çəkməsi də mənə məlum deyil. Amma iki məsələ dəqiqdir: saqqal natəmizlikdir, sümürdüyün şey isə – xəstəlik.
Qalın qara saqqal saxlayan cavan qonşumu görəndə zarafatla dedim:
– Lap Karabas-Barabasa oxşayırsan.
Boğuq səslə soruşdu:
– O kimdir?
Pərt olmasın deyə cavab verdim:
– Tanışımdır, İtaliyadakı Bolşoy teatrın direktoru.
Və ah çəkib düşündüm: tüklər göz qabağındadır, intellekt, savad isə görünmür...
A.ƏZİZ