"Səninlə mənim bir ortaq düşmənimiz var – Putin" - Poroşenko Zelenskiyə
Ukraynanın keçmiş prezidenti, “Avropa Həmrəyliyi” partiyasının lideri Petro Poroşenko prezident olduqdan sonra xələfi Volodimir Zelenski ilə cəmi üç dəfə görüşdüyünü deyib.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Poroşenko “Ukrayna həqiqətləri” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, prezidentlə birinci görüşü inauqurasiya zamanı olub. İkinci dəfə Zelenski onu “Kolomoyski əleyhinə qanun layihəsi”nə səs verməyi xahiş etmək üçün Bankovaya dəvət edərkən baş tutub.
Poroşenko qeyd edib ki, Zelenski ilə üçüncü görüşü Rusiyanın Ukraynaya tam miqyaslı müharibəyə başladığı gün olub.
O, həmin söhbətin çox qısa, heç bir emosiya olmadan keçdiyini vurğulayaraq Zelenskiyə bu sözləri dediyini xatırladıb: “Birinci mövqe: mən artıq müxalifətin lideri deyiləm. Sən bunu demədin, mən belə dedim. İkinci mövqe: bu andan etibarən sən mənim rəqibim deyilsən. Sən bunu demədin, mən sənə bunu dedim. Səninlə mənim bir ortaq düşmənimiz var – Putin”.
Poroşenko qeyd edib ki, Zelenski bu məqamda “eşitdiklərimə görə sizə çox minnətdaram” deyib.
Bundan başqa, Poroşenko üçüncü görüş zamanı prezidentdən Kiyevin müdafiəsi üçün 8000 avtomat silah verilməsini xahiş edib və Zelenski bu işdə ona kömək edib.
Xatırladaq ki, fevralın 13-də prezident Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının iş adamı İqor Kolomoyskiyə, milyarder Kostiantın Jevaqoya, Ukraynanın 5-ci prezidenti, “Avropa Həmrəyliyi” partiyasının lideri, deputat Petro Poroşenkoya və Putinin “kirvəsi” olan Viktor Medvedçuka sanksiyalar tətbiq etməsi qərarını təsdiqləyib.
Petro Poroşenkonun vəkilləri bu qərardan məhkəməyə şikayət etməyi planlaşdırır.
Xatirə SADİQ