“Ukrayna xammal ölkəsi deyil” – Zelenskidən ABŞ-yə sərt cavab

“Ukrayna yalnız ölkənin əsas maraqlarını nəzərə almaq üçün yenidən baxıldıqdan sonra ABŞ ilə təbii ehtiyatlardan istifadəyə dair saziş imzalamaqda maraqlıdır”.

Feb 17, 2025 - 16:57
“Ukrayna xammal ölkəsi deyil” – Zelenskidən ABŞ-yə sərt cavab

SAVASHMEDİA.az “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski ukraynalı jurnalistlərə onlayn mətbuat konfransı zamanı deyib. 

Zelenski qeyd edib ki, bu sazişdə prinsipial olaraq yeni heç nə yoxdur – oxşar razılaşmalar bu və ya digər vaxtlarda olub.

“Lakin əsas sual Ukraynanın nə verə biləcəyi deyil, nə ala biləcəyidir... Biz həqiqətən ABŞ ilə saziş imzalamaqda maraqlıyıq”, - deyə o, əmin edib.

Ukrayna prezidenti xatırladıb ki, ABŞ prezidenti Donald Trampa da ölkəsinin sazişi imzalamaq istədiyini söyləyib. 

“Lakin biz təfərrüatlara keçdikdə məlum oldu ki, o hələlik təhlükəsizlik zəmanətlərini ehtiva etmir. Və bu, ən azı memorandumda qeyd edilməli olan prinsipial vacib aspektdir”, - deyə Zelenski diqqətə çatdırıb.

Onun sözlərinə görə,  sənəddəki bəzi təfərrüatlar zamanla dəyişə bilər, lakin fundamental məsələlər dəqiq müəyyən edilməlidir. Buna misal olaraq Zelenski bildirib ki, əgər sənəddə təhlükəsizlik təminatlarından söhbət gedirsə, o zaman bunlar NATO və ya alternativ mexanizmlər kontekstində nəzərdən keçirilməlidir.

O, hesab edir ki, təhlükəsizlik təminatları təkcə hərbi yardım deyil, həm də iqtisadi və siyasi öhdəliklərdir.

Ukrayna prezidenti deyib ki, ölkəsi ABŞ-dən investisiyaları alqışlayır, lakin əsas məsələ təkcə resurs əldə etmək deyil, investisiya yaratmaqdır.

“Ukrayna sadəcə xammal ölkəsi deyil və bu, sənəddə dəqiq şəkildə göstərilməlidir”, - deyə Zelenski yekunnlaşdırıb. 

KİV-in məlumatına görə, Tramp administrasiyası ABŞ-yə nadir torpaq minerallarının 50%-nə sahiblik verməyi təklif edib, lakin Zelenski sənədi imzalamaqdan imtina edib. Ağ Ev bu qərarı “bəsirətsizlik” adlandırıb. 

Xatirə SADİQ