Skautların balaca Messi haqqında gizli hesabatları üzə çıxdı - “Cılızdır, bundan olmaz”

Bütün zamanların ən yaxşı futbolçusu Lionel Messinin hələ uşaq yaşlarında “Barselona”ya transferindən əvvəl haqqında hazırlanmış üç skaut (müşahidəçi) hesabatı üzə çıxıb.

Oct 16, 2026 - 23:02
Skautların balaca Messi haqqında gizli hesabatları üzə çıxdı - “Cılızdır, bundan olmaz”

SAVASHMEDİA.az xəbər verir ki, hesabatları “France Football” nəşrindən Florent Torşun paylaşıb. 

Hesabatlarda argentinalı futbolçunun istedadı yüksək qiymətləndirilsə də, fiziki xüsusiyyətləri ilə bağlı fərqli fikirlər səsləndirilib.

Belə ki, skautlardan biri Messinin texniki bacarıqlarını, oyun zəkasını və fərdi mübarizələrdəki üstünlüyünü xüsusi vurğulayıb. Futbolçunun komanda yoldaşlarından açıq şəkildə fərqləndiyini bildirib. Onun meydanı görmə qabiliyyətinin, çevikliyinin, driblinq bacarığının və ötürmələrinin keyfiyyətinin yüksək səviyyədə olduğunu qeyd edib.

Messinin güclü zərbələr endirmək və rəqiblərlə təkbətək mübarizələrdə üstünlük qazanmaq bacarığını da müsbət qiymətləndirib. Lakin qısa boyunun hava toplarında çətinlik yaratdığı və rəqiblərinin fiziki baxımdan ondan üstün olduğunu diqqətə çatdırıb.  Skaut hesabatını “Möhtəşəm oyunçu” ifadəsi ilə yekunlaşdırıb.

İkinci skaut hesabatında  Messinin futbol bacarıqlarını müsbət qiymətləndirsə də, fiziki inkişafı ilə bağlı ciddi narahatlığını ifadə edib. Həmin vaxt təxminən 1,42 metr boya malik olduğu bildirilən argentinalı futbolçunun öz yaş qrupunda belə rəqabət aparmaq üçün fiziki baxımdan çox cılız olduğunu vurğulayıb.

Skaut Messinin növbəti il böyüsə belə, boyunun təxminən 1,50 metr olaraq qala biləcəyini ehtimal edib. Bu fiziki göstəricilərlə rəqabət aparmasının çətin olacağını bildirən mütəxəssis Messinin transfer edilməməsini təklif edib. Bununla yanaşı, futbolçunun inkişafının növbəti bir neçə il ərzində izlənilməsinin mümkünlüyünü də qeyd edib.

Üçüncü skaut isə Messinin gələcəyinə daha nikbin yanaşıb və onu Argentina futbolunun əfsanəsi Dieqo Maradonaya bənzədib:

“Fərqləri nəzərə almaq şərtilə, o, Maradonadır (onun daha gənc versiyası). Mən onu transfer edərdim. Onun daha da irəli gedə biləcək potensialı var. İnkişafını zamanla görəcəyik”.

Fiziki xüsusiyyətləri ilə bağlı narahatlıqlara baxmayaraq, “Barselona” riskə getməyi seçərək gələcəyin “Futbol Tanrısı”nı heyətinə qatıb. Argentinalı futbolçunun sonrakı illərdəki inkişafı, yüksəlişi, klubun və futbolun tarixinə adını qızıl hərflərlə yazdırması isə bütün futbolsevərlərə məlumdur.  

Qeyd edək ki, Messi Kataloniya təmsilçisinin heyətində 778 rəsmi oyunda 672 qol vurub. O, “Barselona” ilə 10 dəfə İspaniya çempionu (“La Liqa”), 4 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.

Banu