“Sum və Xarkov vilayətlərinə hücum başlanıb” - Aleksandr Sırski

Rusiya artıq Ukraynanın Sum və Xarkov vilayətlərinə faktiki olaraq hücuma başlayıb.

Apr 9, 2025 - 14:27
“Sum və Xarkov vilayətlərinə hücum başlanıb” - Aleksandr Sırski

SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Lb.ua portalına müsahibəsində deyib. 

O, bunu Ukrayna prezidenti Volodimir Zelenskinin rusiyalıların Sum və Xarkov vilayətlərinə hücum hazırlaması haqqında bəyanatı ilə bağlı sualı cavablandırarkən təsdiqləyib: “Mən deyə bilərəm ki, prezident tamamilə haqlıdır və bu hücum faktiki olaraq artıq başlayıb”.

Onun sözlərinə görə, artıq bir həftədir düşmənin bütün əsas istiqamətlərdə hücum hərəkətlərinin sayının təxminən iki dəfə artması müşahidə olunur. 

Xatırladaq ki, Avropa liderlərinin Parisdəki Ukraynaya dəstək görüşündə Zelenski bildirmişdi ki, Ukrayna kəşfiyyatının məlumatları Rusiyanın Sum, Xarkov və Zaporojye vilayətlərinə yeni hücumlara hazırlaşdığını göstərir.

“Kəşfiyyatımızın məlumatına görə, Rusiya Sumı, Xarkov və Zaporojye vilayətlərinə yeni hücumlara hazırlaşır. Onlar danışıqları süründürür və ABŞ-ni yalan “şərtlər”lə bağlı sonsuz, mənasız müzakirələrə sürükləməyə çalışırlar ki, vaxt udsunlar, sonra isə daha da çox torpaq ələ keçirməyə çalışırlar”, - deyə Zelenski vurğulamışdı.

Xatirə SADİQ