Tramp uydurma ekspertin tövsiyələri ilə hərəkət edir?
ABŞ prezidenti Donald Tramp uydurma ekspertin məsləhətlərinə söykənərək irimiqyaslı beynəlxalq tariflər tətbiq edib.
SAVASHMEDİA.az xəbər verir ki, bunu MSNBC telekanalının aparıcısı Reyçel Meddou öz efirində iddia edib.
Onun sözlərinə görə, Donald Trampın kürəkəni Cared Kuşner “Amazon”da çox bəyəndiyi başlıqla, Peter Navarronun həmmüəllifi olduğu “Çindən ölüm” kitabını tapıb. Kuşner isə Trampın ilk prezidentlik dövründə bəzi iqtisadi ideyaları bölüşdüyü şəxs olub.
Kuşner tariflərin tərəfdarı olan Navarro ilə əlaqə saxlayıb və onu prezidentin komandasına qoşulmağa dəvət edib. Navarro hazırda Ağ Evin ticarət və istehsal üzrə baş məsləhətçisidir.
Tramp Ağ Evə qayıdanda onun administrasiyasının üzvləri iqtisadçı Ron Varadan ABŞ-nin yeni ticarət siyasəti kimi tariflər ideyasını dəstəkləyən analitik qeyd aldılar. Ron Vara Navarronun kitablarında istinad etdiyi iqtisadçı və ekspertdir.
Lakin problem ondadır ki, Ron Vara mövcud deyil. Navarro onu ideyalarını əsaslandırmaq üçün yaradıb. Üstəlik, Ron Vara Navarro soyadının anaqramıdır. Yəni o, sadəcə olaraq soyadındakı hərflərin yerini dəyişib.
“Tariflərin real ekspertlərin müzakirə etdiyi ciddi məsələ olduğunu sübut etmək üçün saxta şəxsdən saxta analitik qeyd və saxta electron poçtu. Bu intellektual bazanın əsasında Tramp bazarı 6 trilyon dollar həcmində çökdürdü və həm Amerikanı, həm də dünyanı öz yaratdığı, 2008-ci ildəki kimi, 2020-ci ildə pandemiyanın səbəb olduğu qlobal, böyük depressiya qarşısında qoydu”, - deyə Meddou yekunlaşdırıb.
Xatirə SADİQ