Trampdan Avropaya şərt - “Silahlarımızı alın”

Tramp administrasiyası Ukraynaya çatdırılması üçün Amerika istehsalı olan silahların Avropaya satılmasına icazə verməyə hazırdır.

Feb 17, 2025 - 12:05
Trampdan Avropaya şərt - “Silahlarımızı alın”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. 

ABŞ prezidenti Donald Trampın sözlərinə istinadən agentlik yazır ki, bu addım potensial olaraq Ukraynaya Amerika silahlarından istifadə etməyə imkan verəcək: “Hətta Tramp üç illik müharibəyə son qoymaq üçün danışıqlar aparmağa çalışarkən, ABŞ bu ölkəyə hərbi dəstəyi dayandırsa belə”.

Nəşr qeyd edir ki, Tramp administrasiyası Qərb müttəfiqlərinə NATO-nu qoruyub saxlamaq üçün onlardan Amerika silah və hərbi texnikasını, eləcə də Avropa üçün Amerika enerji resursları almaqlarını istəyib.

ABŞ Dövlət Departamenti bundan öncə Avropa dövlətlərinin hökumətlərindən Rusiya ilə müharibəni dayandırmaq məqsədilə istənilən təhlükəsizlik zəmanətinin bir hissəsi kimi Ukraynaya verə biləcəkləri silahlar, sülhməramlı qoşunlar və təhlükəsizlik tədbirləri haqqında ətraflı məlumat təqdim etməyi xahiş edib.

Məktubda həmçinin Avropa ölkələrindən Ukrayna üçün təhlükəsizlik təminatları ilə bağlı təkliflərin hazırlanması istənilib, belə tədbirlərin gerçəkləşdirilməsi üçün Vaşinqtondan nəyə ehtiyac duyduqlarını soruşulub.

Xatirə SADİQ