Tramp bayram mitinqində özünü tərifləməsi ilə yadda qaldı
“Donald Trampın hakimiyyətdə olduğu 100 gün ABŞ tarixində istənilən administrasiya arasında ən uğurlu olub”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Donald Trampın özü həmin hadisəyə həsr olunmuş Miçiqan ştatındakı bayram mitinqində deyib.
Bir saat yarımlıq çıxışında Donald Tramp ənənəvi olaraq qeyri-qanuni mühacirlərə, tarif siyasəti və iki cinsin rəsmi mövcudluğuna qayıdışa qarşı qətiyyətli mübarizəsinə görə özünü tərifləyib, həmçinin opponentlərini – keçmiş prezident Co Baydeni və “kommunist radikal sol hakimləri” yenidən tənqid edib. Özünün son dərəcə aşağı reytinqlərini göstərən sorğu məlumatlarını saxta adlandırıb.
Donald Tramp ABŞ-nin 47-ci prezidenti kimi vəzifədə olduğu ilk 100 gününü geniş miqyasda qeyd etmək qərarına gəlib. Miçiqan ştatı bayram nitqi üçün məkan olaraq təsadüfi seçilməyib. Məhz noyabr seçkilərində Donald Trampın vitse-prezident Kamala Harris üzərində qələbəsində bu ştatın seçiciləri böyük rol oynayıblar.
“Biz ölkəmizin tarixində hər hansı bir administrasiyanın ən uğurlu ilk 100 gününü qeyd etmək üçün bu axşam burada, ölkəmizin ürəyinin özündə toplaşdıq! 100 gündə biz Vaşinqtonda təxminən 100 ildə ola biləcək ən dərin dəyişiklikləri etdik”, - deyə Ağ Evin rəhbəri bildirib.
Onun çıxışı zamanı arxasındakı böyük monitorda “Qüdrətin 100 Günü” yazısı nümayiş etdirilib.
Tramp lovğalanıb ki, onun administrasiyası inflyasiyaya artıq son qoyub. Halbuki mart ayında Əmək Statistikası Bürosu inflyasiyanın faktiki olaraq əvvəlki illə müqayisədə 2,4% artdığını bildirib.
Donald Trampın ətrafındakı ən yaxın adamların ünvanına mədhiyyələr söyləyib. O, bir daha bəyan edib ki, hökumətin səmərəliliyi departamentinin rəhbəri kimi siyasi isteblişmentdən ən yaxşı qiymətləri almayan milyarder İlon Maska ünvanlanan tənqidlər ədalətsizdir.
ABŞ prezidenti Donald Tramp Miçiqanda
Foto: Evelyn Hockstein / Reuters
“Onların ona etdikləri haqsızlıq idi. Bu, biabırçılıqdır”, - deyə Tramp sadiq müttəfiqi olan Maskı dəstəkləyib.
O, həm də məxfi məlumatların sızması səbəbindən artıq bir neçə dəfə xoşagəlməz duruma düşən müdafiə naziri Pit Heqseti dəstəklədiyini bildirib: “Ona çox güvənirəm. Saxta xəbərlər onu təqib edir, lakin o, möhkəm adamdır. Onlar onun nə qədər güclü olduğunu bilmirlər”.
Ağ Evin 47-ci rəhbəri çıxışının sonunda bir daha sələfi Co Baydeni tənqid edərək, onun əqli qabiliyyətlərini ələ salıb. Bir daha iddia edib ki, 2020-ci il prezident seçkilərində Co Bayden deyil, əslində özü qalib gəlmişdi.
Prezidentin çıxışı zamanı onun tərəfdarları əllərində “Amerikanı Yenidən Qüdrətli Et” və “Amerikanın qızıl dövrü” yazılan plakatlar nümayiş etdiriblər. İştirakçılardan biri hətta konstitusiyadakı qadağaya baxmayaraq, Ağ Evin hazırkı rəhbərinin üçüncü müddətə seçilməsinə işarə edən “Tramp 2028” yazılmış plakat tutub.
Bununla belə, Amerika liderini dinləməyə gələnlərin xeyli hissəsi prezident özünü tərifləməkdən xeyli əvvəl nəhəng idman və sərgi mərkəzini tərk edib.
Xatirə SADİQ