Əlvida, Kolxozstan!

Dostum İsmayıllı rayonunun İvanovka kəndində ev almışdı. Bir gün yanına qonaq getdim. Orada keçirdiyim müddət ərzində oyrəndiklərim kəndə və onun əhalisinə gözlərimi açdı, təsəvvürlərimi dəyişdi.

Feb 17, 2025 - 11:49
Əlvida, Kolxozstan!

Yazıçı dostum danışır:

Bakıda İvanovkadan söz düşəndə dəfələrlə eşitmişəm ki, ora yaxşıdır. Demişəm: “Ey, İvankəndi mənə tanıtma! Orada yaşayan mənəm. Mənə demə, məndən soruş”.

Dükançı İvan Jabin gileyləndi ki, bir neçə il əvvəl Bakıda hərbi müəssisədə mühəndis işləyirdi, polkovnik-leytenant idi. “Türklər gəldilər, məni çıxardılar”. Ürəyimdə dedim: “Lap əcəb etdilər”.

Kənd nəhəng təpənin üstündə yerləşir. Ərazi 60-80 santimetr qalınlığında qara torpaqla örtülüb. Əkin üçün kifayətdir. Kartof, soğan, sarımsaq... Amma su yoxdur. Qazılmış quyular insanları məyus edib. Daha qazmırlar. Keçən yayda eşitdiyimə görə, həyətlərdə su sayğacları quraşdırılıb. Yəqin susuz sayğac kənd həyatına yeni rəng verir...

Qaratorpaqdan sonra gil təbəqəsi gəlir.

Bir müddət əvvəl kənddə bütün evlər bir mərtəbəli idi və gildən inşa edilmişdi. Belə binalar hələ də çoxdur. Əgər İvanovkada ev almaq xülyasına düşsən, yerlilər tərifləyəcəklər ki, gil ev daş evdən yaxşıdır: divarlar qışda istini saxlayır, yayda sərinliyi. Bir neçə nəfərdən soruşdum: “Gil binaları tərifləyirsiniz, amma özünüz üçün yeni ev tikərkən daşa üstünlük verirsiniz. Niyə?”. Cavab tapılmirdı. Niyəsini, nəhayət, İvan dedi. Başqa İvan (kənddə ən populyar addır, kəndin adaşı çoxdur). Dedi ki, bir vaxt gün təyin edib, 20 və daha çox adam hansısa həyətə toplaşardı. Gil məhlulu hazırlanır, hərə yaxınlaşıb bir kömbə götürüb divara yaxırdı. Ardıcıllıqla, fasiləsiz. Beləcə, köməkləşib ev hasil edərdilər. İndi isə bu, mümkün deyil. Adamlar o işi unudublar. O nəsil gedib. Həm də neçəsi alkaşdır. Alkoqolik olmasa da çox içir, siqaret çəkir, gərgin işə tab gətirmir.

Malakanlara spirtli içki, donuz əti, tütün məmulatları qadağandır. Lakin kənddə buna məhəl qoyulmur. İvanovka molokan kəndi sayılırsa da, adamlar molokanlığın nə olduğunu bilmirlər.

Jabinin yanında yaşlı qadın işləyirdi. Bir dəfə dükana rus kişi daxil olub, hamını Azərbaycan dilində salamladı. Satıcı qadın təkəbbürlə dedi: “Niyə azərbaycanca danışırsan? Bura rus kəndidir”. Söhbətə qoşuldum: “Rusca deyim ki, başa düşəsiniz. Bura əhalisinin əksəriyyəti rus olan Azərbaycan kəndidir”.

Rusların xeyli hissəsi qoca tənha qadınlardan ibarətdir. Övladları köçüblər böyük-kiçik Rusiya şəhərlərinə. Çoxdankı kəşfimdir: “Unitaz görən bir daha kəndə qayıtmaz!”. Onlar nənənin nə vaxt öləcəyini gözləyirlər. Bu zaman gəlib evi satacaq, pulu götürüb aparacaqlar.

Rus hesab edilən əhalinin bir qismi ukraynalı, digəri belarusdur. Özünü xristian hesab edən kütlə qətiyyən vahid deyil. Pravoslavlar, baptistlər, “pyatidesyatniklər”... Ümumiyyətlə 5 təriqət saydım. Kilsə yoxdur. Onu hər təriqət üzrə dua evləri əvəz edir. Bəzən fəallar avtobusda hündür, açıq yerlərə gedib, orada dua edirlər. Kənddə olduğum il quraqlıq idi. Dindardan soruşdum: “Dua edərkən yağış diləyirsinizmi?”. “Əlbəttə!” cavabını aldım. “Tərslikdən” ya nədən, yağış 3 aydan sonra, Ramazan bayramında yağdı.

Ləzgilər sayca 2-ci yerdədirlər. Ordan-burdan, o cümlədən Dağıstandan gələnlərdir.

Üçüncü – azərbaycanlılardır. Kimisi çoxdan məskunlaşib, kimlərsə kənddə ev alıb, yalnız yay istirahətinə gəlirlər.

Hapıt. Bu sözü ilk dəfə orada eşitdim. Ev alıb qonşu aşağı kənddən köçənlər var. Özlərini millət sayırlar. Lakin bu, qətiyyən belə deyil.

Bəs başlıqda işarə edilən kolxoz mövzusu? Deməli,
(Ardı var)

A.ƏZİZ