Trampın bu müşaviri Ağ Evdən gedir
ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə müşaviri Maykl Uoltsın istefaya göndərilməsi xəbərini təsdiqləyib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə amerikalı prezident “TruthSocial”da yazıb.
Tramp müşavirinin vəzifəsini tərk etdiyini birbaşa açıqlamayıb, onun ABŞ-nin BMT-dəki səfiri vəzifəsinə təyin olunduğunu elan edib.
Dövlət başçısı Konqresdə və Ağ Evdə fəaliyyəti zamanı ölkənin maraqlarını üstün tutduğuna görə Uoltsa minnətdarlığını bildirib.
Tramp bildirib ki, bundan sonra dövlət katibi Marko Rubio milli təhlükəsizlik üzrə müşavir vəzifəsini icra edəcək və Dövlət Departamentinə effektiv rəhbərlik etməyə davam edəcək.
Qeyd edək ki, ABŞ prezidenti müşavirinin vəzifəsindən uzaqlaşdırılmasını izah etməsə də, KİV bunu “Siqnalqeyt” adı alan qalmaqalla əlaqələndirib.
Xatırladaq ki, mart ayında Maykl Uolts milli təhlükəsizlik üzrə məmurların ABŞ-nin Yəməndəki zərbələrini müzakirə etdiyi şəxsi “Signal” çatına səhvən “The Atlantic” jurnalının baş redaktoru Ceffri Qoldberqi əlavə etdikdən sonra qalmaqalla üzləşmişdi.
Uolts bu hadisəyə görə məsuliyyəti öz üzərinə götürdü və KİV onun gələcək taleyinin Ağ Evdə müzakirə olunduğu barədə xəbərlər yaydı.
Lakin ABŞ prezidenti milli təhlükəsizlik müşavirini dəstəklədiyini bildirdi və onu durumdan “dərs almış yaxşı adam” adlandırdı.
Xatirə SADİQ