Trampın elçisi yenidən Rusyadadır - “Axios”
Rusiyaya səfər edən ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoffun bu gün prezident Vladimir Putinlə görüşəcəyi gözlənilir.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Axios” nəşri mənbələrinə istinadən məlumat yayıb.
Məqalədə deyilir ki, Tramp son həftələrdə danışıqlarda çox irəliləyiş əldə olunmamasından məyus olub və hətta bir məqamda Putinin Ukrayna ilə bağlı şərhlərinə “qəzəbləndiyini” bildirib.
Mənbə bildirib ki, ayın sonuna qədər atəşkəs əldə olunmasa, Tramp ya icra hakimiyyəti vasitəsi ilə, ya da Konqresdən yeni sanksiya qanunvericiliyinin qəbulunu tələb etməklə Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edə bilər.
“Axios” xatırladıb ki, bu, Uitkoff və Putin arasında üçüncü görüş olacaq.
ABŞ Dövlət Departamenti nəşrin Trampın xüsusi elçisinin Rusiyaya bu səfəri ilə bağlı şərh istəməsinə cavab verməyib.
“Flightradar24” məlumatına görə, Uitkoff ilə əlaqəli olan “Gulfstream” təyyarəsi Sankt-Peterburqa enib.
Xatırladaq ki, Uittkoff və Putin arasında ilk görüş fevral ayında baş vermişdi. Trampın xüsusi nümayəndəsi Rusiyada narkotik qaçaqmalçılığına görə cəza çəkən azad edilmiş amerikalı Mark Fogeli götürmək üçün Moskvaya gəlmişdi. Bundan sonra Uitkoff həmçinin Səudiyyə Ərəbistanında Moskva ilə danışıqlarda Amerika nümayəndə heyətinin tərkibində təmsil olunmuşdu. Xüsusi elçinin Rusiya lideri ilə ikinci görüş martın 13-də Kremldə baş tutmuşdu. KİV-in məlumatına görə, həmin görüş zamanı Uitkoff saatlarla Putini gözləməli olmuşdu.
Ukrayna Ali Radası öz növbəsində Uitkoffun Ukrayna üzrə danışıqlardan kənarlaşdırılmasını tələb edib. Buna səbəb onun amerikalı jurnalist Taker Karlsonla müsahibəsi olub. O, münaqişənin nizamlanmasında aparıcı məsələ kimi DXR, LPR, Zaporojye və Xerson vilayətlərinin beynəlxalq statusunun olduğunu, Kiyevin seçkilərin keçirilməsinə razı olduğunu və NATO-ya üzv olmağın mümkünsüzlüyünü iddia etmişdi.
Xatirə SADİQ