“Trampın istədiyi kimi hərəkət edəcəyik” - Ursula fon der Lyayen
“Avropa İttifaqı (Aİ) indi ABŞ prezidenti Donald Trampın istədiyi kimi Rusiyanın enerji resurslarından tamamilə imtinaya doğru irəliləyir”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen CNN telekanalına müsahibəsində deyib.
Avrokomissiyanın rəhbəri amerikalı prezidentin son sözlərini, xüsusən də BMT Baş Assambleyasındakı çıxışında Avropanın Rusiyanın enerji resurslarını almaqla “özünə qarşı müharibəni maliyyələşdirdiyi” və buna son qoymağın zəruri olduğu barədə açıqlamasını xatırladıb.
“Prezident Tramp haqlıdır. “Arxa qapı”dan Rusiyanın enerji resurslarının “geri qaytarılması” yolverilməzdir”, - deyə fon der Lyayen vurğulayıb.
O, xatırladıb ki, 2022-ci ildə genişmiqyaslı müharibə başlayanda Avropanın həqiqətən Rusiyadan böyük enerji asılılığı vardı və o vaxtdan bəri uzun bir yol qət olunub.
“Putin bizim qazımızı kəsdi. Bizim ciddi enerji böhranımız oldu. Biz tədarüklərimizi şaxələndirdik, bərpa olunan enerji və nüvə enerjisinə böyük sərmayələr qoyduq və asılılıqdan qurtulduq. Ona görə də indi biz, demək olar ki, Rusiyanın enerji resurslarından qurtulmuşuq. Və bu həqiqətdir – biz bu işi bitirməli və onlardan qurtulmalıyıq, çünki onlar yalnız Rusiyanın müharibəsini yemləyir. Sadəcə bir rəqəm: biz Rusiyanın enerji resurslarının Avropada mövcudluğunu 80% azaltmışıq. Amma gördüyüm kimi, LNG “arxa qapı”dan qayıdır. Ona görə də biz Rusiyadan Avropaya nəql olunan LNG-yə sanksiyalar tətbiq edəcəyik”, - deyə Avrokomissiyanın prezidenti etiraf edib.
Ursula fon der Lyayen diqqətə çatdırıb ki, Rusiyadan LNG və neft almağa davam edən ölkələr Aİ-nin 19-cu sanksiyalar paketinə görə indi alternativlər axtarmalıdır.
Xatirə SADİQ