Trampın qadın köməkçisi məxfi xidməti niyə əndişələndirib?

Amerikalı prezident Donald Trampın yaxın köməkçilərindən biri olan Natali Harp “insan-printer” ləqəbini daşıyır. 

Feb 27, 2025 - 19:04
Trampın qadın köməkçisi məxfi xidməti niyə əndişələndirib?

SAVASHMEDİA.az xəbər verir ki, onun ABŞ prezidentinə yaxınlığı barədə ötən ilin sonunda “The New York Times” nəşri ətraflı şəkildə yazıb.  

33 yaşlı Natali mühafizək OAN telekanalının teleaparıcısı olub. O, 2022-ci ildə Trampın kampaniyasına qoşulub. Demək olar ki, həmişə Trampa yaxın olub və əslində ona gələn məlumatları idarə edib. Harp lazım olan sənədləri tez çap etmək üçün yanında hər zaman portativ printer daşıdığından həmkarları onu “insan-printer” adlandırıblar.

Jurnalist Maykl Vulf “All or Nothing” (“Hər şey və ya heç nə”) kitabında Harp haqqında ətraflı məlumat verib. Kitabdan bir fraqmenti “Vanity Fair” çap edib. 

Vulf qeyd edib ki, Tramp “Çarlinin mələkləri” adlandırdığı cazibədar qadınların əhatəsində olmağı xoşlayır. Harp isə “Fox News” telekanalının sarışın qadınlarını xatırladır, hərçənd o, bu televiziyada işləməyib. 

Vulfun dediyinə görə, Harp Trampın seçkiqabağı kampaniyasına “gətirib-aparan qız” kimi gəlib. Lakin zaman keçdikcə Natali gələcək prezidentlə hər gün 3-4 saat qolf meydançasında vaxt keçirməyə başlayıb. Harpın öz qolf-karı olduğu üçün Trampı hər yerdə izləyib, onun üçün elektron məktubları və xəbər məqalələrini çap edib.

Hansısa məqamda Tramp “mənim kağızlarım” adlandırdığı sənədlərə baxmaq üçün köməkçilərindən cədvəlinə vaxt salınmasını tələb edib. O, “mənim kağızlarım” dedikdə, Harpın onun üçün çap etdiyi sənədləri nəzərdə tuturdu və bu, istisnasız olaraq çox yaxşı xəbərlər olurdu. Tramp öz adından kimə zəng edəcəyi və sosial mediada nə yazacağı ilə bağlı Harpa göstərişlər verirdi. Zaman keçdikcə Harp “onun hesablarını ələ keçirdi” və onun qəzəbli postlarının çoxunu tərtiblədi.

Elə gəlirdi ki, Trampın əhval-ruhiyyəsi və emosional partlayışları birbaşa Harpın ona gətirdiyi sənədlərlə bağlıdır. Harpın Trampa yaxınlığı və onun nümayiş etdirməyə çalışdığı “qəribə itaətkarlıq” hansısa məqamda onun siyasi və hüquqi komandası arasında narahatlıq yaratmağa başladı. 

Məlum oldu ki, köməkçi şəxsi məktublarını Trampın kağız yığınına dürtməyə başlayıb. Vulf həmin məktublardan birinin mətnini kitabında sitat gətirib. Məktubda Harp özünün “daha yaxşı versiyasını” yaradılması üçün Trampdan yardım istəyib. O, iddia edib ki, Tramp bununla qürur duyacaq, çünki indiki halında onun dəstəyinə layiq deyil.
 
“Lazım gəlsə, layiq olduğum zaman məni danlamaq hüququnuz var, çünki artıq heç kim məni tanımır və maraqlanmır”, - deyə o, Trampa bildirib. 

Kitabda deyilir ki, Harpın diqqəti Trampda “cəmləşdirməsi” onun qərargahında sirr deyildi, lakin hansısa məqamda Trampı qoruyan məxfi xidmət Harpın hiddətindən əndişələnib. Natali belə halları Trampın qəbuluna qəbuluna düşə bilməyəndə və ya məktubları ötürülməyəndə keçirirdi.

Vulf yazır ki, köməkçisinin israrlığı Trampı əyləndirir və ona təsir edirdi. 

“Onun, sadəcə, tamamilə yaltaqlıq ərazisində olan insanlardan xoşu gəlir”, - deyə ətrafındakılardan biri deyib. 

Lakin Trampın özü bütün şübhələri rədd edir və “o, sadəcə prezidentini sevir” deyirdi.

Harp seçkidən sonra da Trampa işləməyə davam edir. Ağ Evin kommunikasiya direktoru Stiven Çunq “Daily Mail”ə deyib ki, Harp prezident komandasının etibarlı və dəyərli üzvüdür. 

Xatirə SADİQ