Trampın qudası Fransa XİN-nə çağrıldı

Fransanın Avropa və Xarici İşlər Nazirliyi (AXİN) ABŞ-nin Parisdəki səfiri Çarlz Kuşneri prezident Emmanuel Makrona yazdığı məktubdan sonra avqustun 25-də öz ofisinə çağırıb. 

Aug 25, 2025 - 13:24
Trampın qudası Fransa XİN-nə çağrıldı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə AXİN bəyanat yayıb.

Qeyd edək ki, Makrona yazdığı məktubda Kuşner bazar ertəsi gününün nasist işğalı zamanı “yəhudilərin Fransa torpaqlarından deportasiyasına son qoyan Parisin müttəfiqlər tərəfindən azad edilməsinin 81-ci ildönümü” olduğunu xatırladıb.

Fransada antisemitizmin kəskin şəkildə artması və hökumətinin buna qarşı kifayət qədər addım atmaması ilə bağlı dərin narahatlıq hissi keçirdiyini vurğulayan Kuşner nəzərə çatdırıb ki, antisemitizm Fransada çoxdan həyatı bərbad etmişdi, lakin 2023-cü il oktyabrın 7-də HƏMAS-ın vəhşi hücumundan sonra lap qabarıb. 

“O vaxtdan bəri, HƏMASyönlü ekstremistlər və radikal fəallar bütün Avropada hədə-qorxu və zorakılıq kampaniyası aparırlar. Fransada elə bir gün keçmir ki, küçələrdə yəhudilərə qarşı hücumlar olmasın, sinaqoqların və ya məktəblərin təhqir olunması və ya yəhudi biznesina qarşı vandallıq törədilməsin”, - deyə Kuşner əlavə edib.

Kuşnerin sözlərinə görə, “Fransa gənclərinin yarısının Holokost haqqında heç nə eşitmədiyini” göstərən sosioloji araşdırmalar təhsil sistemi ilə bağlı narahatlıq doğurur.

“Sorğular göstərir ki, Fransa vətəndaşlarının əksəriyyəti Avropada növbəti Holokostun tamamilə mümkün olduğuna inanır. Belə cəhalət saxlanılırsa, fransız məktəblərində uşaqlara nə öyrədilir?”, - deyə Kuşner sual edib.

Fransa XİN bildirib ki, Kuşnerin ittihamlarını qətiyyətlə rədd edir və hökumət 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumundan sonra antisemitizm hərəkətlərinin artmasına qarşı mübarizə üçün “tam səfərbər” olub. 

Paris vurğulayıb ki, bu cür bəyanatlar beynəlxalq hüquqa, dövlətin daxili işlərinə qarışmamaq prinsipinə ziddir, həmçinin “Fransa ilə ABŞ arasında transatlantik tərəfdaşlıq səviyyəsinə və müttəfiqlər arasında mövcud olmalı olan etimada uyğun gəlmir”.

Xatırladaq ki, Çarlz Kuşner prezident Trampın qudasıdır. Onun oğlu Cared Kuşner Trampın böyük qızı İvankanın əridir.

Xatirə SADİQ