Türkiyə Müdafiə Nazirliyi təkzib etdi – “Ruslar olmayacaq”
Rusiyanın nümayəndələri aprelin 15-16-da Türkiyədə keçirilməsi planlaşdırılan Qara dənizdə təhlükəsizliklə bağlı iclasda iştirak etməyəcəklər.
SAVASHMEDİA.az bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir.
Türkiyə Müdafiə Nazirliyi aprelin 15 və 16-da Ankarada Ukrayna və Rusiya arasında potensial atəşkəsdən sonra Qara dəniz təhlükəsizliyini müzakirə etmək üçün toplantı keçiriləcəyini bildirib.
Hərbi Dəniz Qüvvələrinin Ankaradakı qərargahında baş tutacaq görüşdə xarici ölkələrin hərbi nümayəndələri iştirak edəcəklər. Gündəliyə Qara dənizdə sülh mühitinin qorunması üçün dəniz donanmasının planlaşdırılması məsələləri daxil ediləcək.
Türkiyə Müdafiə Nazirliyi görüşə hansı ölkələrin qatılacağını açıqlamasa da, onların arasında Rusiya təmsilçilərinin olmayacağına diqqəti cəlb edib.
Qeyd edək ki, bir müddət əvvəl türk mediası Türkiyə Müdafiə Nazirliyindəki mənbələrə istinadən Qara dənizdə təhlükəsizliklə bağlı toplantıda Ukrayna və Rusiya nümayəndələrinin də iştirak edəcəyi barədə məlumat yaymışdı.
Lakin Ukraynanın xarici işlər naziri Andrey Sibiqa yerli KİV-ə bu məlumatı təkzib etdi.
Xatirə SADİQ