Üç il ərzində Kiyevdə 210 mülki şəxs öldürülüb – Vitali Kliçko
Rusiyanın Ukraynaya qarşı apardığı genişmiqyaslı müharibənin üç ili ərzində paytaxtda 11-i uşaq olmaqla 210 mülki şəxs həlak olub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko “telegram”da yazıb.
Onun sözlərinə görə, bu müddət ərzində hava hücumu ilə bağlı sirena səsi 1539 dəfə səslənib, 1239 yaşayış binasına, o cümlədən 194 təhsil, 41 səhiyyə, 17 sosial müəssisəyə ziyan dəyib, təcili tibbi yardım briqadaları raket və dron hücumlarının baş verdiyi ərazilərə 2729 dəfə müdaxilə edib və 101-i uşaq olmaqla 1324 yaralıya yardım edib.
“Bu gün Kiyevdə təxminən 422,7 min məcburi köçkün, o cümlədən 68 mini uşaq qeydiyyata alınıb”, - deyə Kliçko bildirib.
O, həm də qeyd edib ki, Rusiya təcavüzünün ilk aylarında paytaxtın Humanitar Qərargahında hər gün 8000-dən çox vətəndaşa yardım edilib. Hava həyəcanı zamanı isə metro eyni vaxtda 70 minə qədər Kiyev sakinini və şəhərin qonaqlarını qəbul edib.
Xatirə SADİQ