Ukrayna parlamenti Yuliya Sviridenkonu baş nazir seçdi
Ukrayna Ali Radası baş nazirin keçmiş müavini Yuliya Sviridenkonun ölkənin baş naziri vəzifəsinə təyin edilməsini təsdiqləyib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə deputat Yaroslav Jeleznyak öz Telegram kanalında məlumat yayıb.
Yeni baş nazirin lehinə 262 xalq deputatı səs verib.
Açıq mənbələrə görə, Sviridenko 25 dekabr 1985-ci ildə Çerniqovda dövlət qulluqçusu ailəsində anadan olub. 2015-ci ildən Çerniqov Regional Dövlət Administrasiyasında işləyib. 2019-cu ildə Aleksey Qonçaruk hökumətində Ukraynanın iqtisadi inkişaf, ticarət və kənd təsərrüfatı nazirinin müavini vəzifəsində çalışıb.
22 dekabr 2020-ci ildə o, Prezident Aparatının rəhbəri Andrey Yermakın müavini təyin olunub. Yermak onun himayədarı hesab olunur.
2021-ci ilin noyabrında o, Ukraynanın iqtisadiyyat naziri və baş nazirinin birinci müavini vəzifələrində çalışmağa başlayıb.
Onun iştirakı ilə 2025-ci ilin mayında ABŞ ilə mineral ehtiyatlar sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
Ukrayna prezidenti Volodimir Zelenski iyulun 14-də ona Ukrayna hökumətinə rəhbərlik etməyi təklif edib.
Xatırladaq ki, onun sələfi Denis Şmıqal 2020-ci ildən Ukrayna hökumətinə başçılıq edib. Şmıqalın müdafiə naziri vəzifəsinə gətiriləcəyi gündəmdədir.
Xatirə SADİQ