Ukrayna səfiri Ərdoğanla bağlı xəbəri təkzib etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna prezidenti Vladimir Zelenskinin dəvəti ilə yaxın günlərdə Kiyevə gələcəyinə dair məlumat həqiqətə uyğun deyil. 

Aug 5, 2025 - 13:29
Aug 5, 2025 - 13:30
Ukrayna səfiri Ərdoğanla bağlı xəbəri təkzib etdi

SAVASHMEDİA.az  xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal “Ukrainskaya Pravda” nəşrinə bildirib. 

“Türkiyə nəşri, yumşaq desək, informasiyanı təhrif edib. Diqqət edin - onlar bunu harada dediyim barədə istinad vermirlər, sitatımı təqdim etmirlər, sadəcə olaraq deyirlər ki, guya mən bunu demişəm”, - deyə ukraynalı səfir vurğulayıb. 

Diplomat əlavə edib ki, şəxsən özü və Ukraynanın Türkiyədəki səfirliyi Ərdoğanın prezident Zelenskinin dəvəti ilə Ukraynaya səfər etməsi üçün çalışır. O, özü şəxsən avqustun 4-də görüşdüyü Türkiyənin ticarət naziri vasitəsilə bu dəvəti bir daha çatdırıb.

“Ancaq hələlik Ərdoğanın yaxın günlərdə Ukraynaya belə bir səfərinin mümkün olacağı barədə məlumat yoxdur”, - deyə Nəriman Cəlal söyləyib.

Xatırladaq ki,  Ukraynanın Ankaradakı səfiri Nəriman Cəlala istinadən prezident Ərdoğanın yaxın vaxtlarda Kiyevə səfər edəcəyi xəbərini “Türkiyə Gazetesi” yaymışdı. Nəşr iddia etmişdi ki, danışıqların ən mühüm mövzularından biri azad ticarət sazişinin təsdiqi olacaq.

Xatirə SADİQ