“Ukraynaya yardım dayandırılmamalıdır” – Bayden Trampa müraciət edəcək
Vaşinqtonun Ukraynaya yardımı dayandırmaması məqsədilə prezident Co Bayden konqresə və yeni seçilmiş prezident Donald Trampın gələcək administrasiyasına müraciət edəcək.
SAVASHMEDİA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bu barədə milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib.
“Prezident Bayden səlahiyyət müddəti bitdikdən sonra da Ukrayna üçün resurslara ehtiyacımız olduğunun xeyrinə arqumentləri gətirəcək”, - deyə Sallivan “CBS” telekanalına müsahibəsində deyib.
Sallivanın sözlərinə görə, Bayden çərşənbə günü Ağ Evdə görüşərkən Trampla daxili və xarici siyasətin əsas prioritetlərini müzakirə edəcək.
Baydenin əsas mesajı hakimiyyətin dinc yolla keçidini təmin etmək səyi olacaq. Bundan əlavə, indiki prezident xələfi ilə Avropa, Asiya və Yaxın Şərqdə baş verənlərlə bağlı danışacaq.
O, qeyd edib ki, Baydenin görüş zamanı hazırkı vəziyyəti necə gördüyünü izah etmək və prezident Trampın vəzifəyə gəldikdən sonra bu məsələləri necə həll etmək barədə düşündüyü barədə danışmaq imkanı olacaq.
Sallivanın fikrincə, əsas mövzu, çox güman ki, Ukrayna ilə Rusiya arasında müharibə olacaq. Tramp bunu necə etməyi planlaşdırdığını açıqlamasa da, onu tez bir zamanda bitirəcəyini vəd edib.
“Prezident Bayden qarşıdakı 70 gün ərzində Konqresə və yeni administrasiyaya ABŞ-nin Ukraynanı tərk etməməli olduğunu, Ukraynanı tərk etməyin Avropada daha çox qeyri-sabitlik demək olduğunu sübut etmək imkanı əldə edəcək”, - deyə Sallivan bildirib.
“Bu, Baydenin konqresdən Ukraynaya daha çox maliyyə ayrılmasına icazə verən qanunu qəbul etməsini xahiş edəcəyi mənasını verirmi” sualına Sallivan belə cavab verib: “Konkret qanunvericilik təklifləri irəli sürmək mənim səlahiyyətlərimə daxil deyil. Prezident Bayden sübut edəcək ki, onun səlahiyyət müddəti bitdikdən sonra da Ukrayna üçün davamlı resurslara ehtiyacımız var”, - deyə Sullivan bildirib.
Xatirə SADİQ