XORTDAN – Anlatma
Ağıllı adamlar bir vaxt deyirdilər: “Qəzetdə yazılanlara inanma”. İnanmadım, ta ki özüm yazmağa başlayana qədər.
İndi isə mən deyirəm: “Kitabda yazılana inanma”. Hətta adı “Azərbaycan dilinin izahlı lüğəti”dirsə. Onu böyük zəhmət hesabına tərtib ediblər. Bildiklərini yazıblar, yalnız yazdıqlarını biliblər. Lakin mənasına varmayıblar.
Məsələn, lüğətin “Xortdan” məqaləsində deyilir:
“Xurafata inananların təsəvvürüncə guya gecə qəbirdən xortlayaraq çıxıb yatmış adamların qanını soran, onlara pislik edən qorxunc, dəhşətli mövhum bir vücud. Axırı biçarə ananız sizə deyirdi: – Bala, ağlama, xortdan gələr, səni aparar! C.Məmmədquluzadə. Bir adama deməyiniz, qəbiristanda xortdan var... B.Talıblı. //məc. Görünüşcə qorxunc, insanı dəhşətə salan adam haqqında. Xortdandı, çoxandı, qoyma, gəldi! Kirdarı yamandı, qoyma, gəldi. M.Ə.Sabir”.
Elə təsəvvür yaranır ki, xortdan yalnız xurafatçıların distrofik düşüncəsində olub. İndi isə “əslində”ni dinlə.
XXI əsrdir. Müsəlman kəndlilər danışırlar ki, kim isə öldükdə onu həmin gecə qəbiristanlığa aparıb basdırırlar. Avtomobil fənərlərinin işığında. İndi özün fikirləş. 100-400 il bundan əvvəl ətrafda savadlı bir nəfərin də olmadığı mühitdə yerli mamaçanın qoyduğu diaqnoz əsasında insanı ölmüş elan edib eşşək arabasında qəbiristanlığa tələm-tələsik çatdırır, əvvəldən(!) qazılmış dayaz qəbirə uzadıb, üstünə tökdükləri 30-50 santimetrlik torpaq qatına tapşırırdılar.
Burada qarşıdan bir neçə “əgər” gəlir. Əgər həmin adam həqiqətən ölmüşdüsə – hər şey qaydasındadır. Əgər ölməmişdi, lakin toz-torpaq içində ayılıb vahimələnir, ürəyi partlayırsa – mamaçaya “alqış”. Yox, əgər yağış yağıb, torpağı isladıb, məsamələr hava ilə dolub, ayılan adam güc taparaq nazik torpaq qatını yarıb, özünü qəbirdə görürdüsə – çox pərişan olurdu. Qaldı iki variant. Əgər ağlı başından çıxırsa – dönür qəbiristanlıq sakininə. Bu zaman yaxınlıqdan keçənlər qorxuya düşür, onun ruh, cin, məktəb direktoru olduğunu düşünürlər, ona daş atırlar. Belə ruhun ömrü çox çəkməz. Amma həmin adam fiziki və psixi cəhətdən çox güclü olsa, evini tapıb qapısını açsa, inanma ki, evdəkilər sevinəcəklər. İlk reaksiya qorxu, vahimə olacaq. Çox yəqin həmin an tanımayacaqlar. Axı o, paltarsızdır, kəfən yırtılıb, saç daranmayıb, sir-sifət palçıq içindədir. Lap xortdana oxşayır! Xortdan isə məhz qəbirdə xortlayandır. Məşhur Transilvaniyalı qraf Drakulanın buraya dəxli yoxdur. Azərbaycanda adamların qanını yalnız ağcaqanad və insanabənzər məmur içir.
A.ƏZİZ