“Zelenski ilə Putin bir-birlərinə elə nifrət edirlər ki…” - Donald Tramp
ABŞ prezidenti Donald Tramp Ukrayna və Rusiya prezidentlərinin arasında dərin şəxsi ədavətə görə birbaşa danışıqların mümkünlüyünə şübhə etdiyini bildirib.
SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bunu Nyu Cersiya yollanmaqdan öncə jurnalistlərə deyib.
Yeddi müharibəni dayandırmaqla növbəti dəfə öyünən Tramp etiraf edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirmək onun gözlədiyindən qat-qat çətindir.
“Mən düşünürdüm ki, bu mənim üçün asan olacaq. Amma bu, çətin oldu”, - deyə Amerika lideri vurğulayıb.
O, sülhə əsas maneə kimi iki ölkə liderləri arasında dərin şəxsi düşmənliyi göstərib: “Zelenski ilə Putin arasındakı nifrət anlaşılmazdır”.
Bu qiymətləndirmə onu Kiyevlə Moskva arasında birbaşa danışıqların effektivliyini şübhə altına almağa vadar edib.
“Bu cür danışıqların mümkün olduğuna inanırmı” sualına Tramp belə cavab verib: “Bilmirəm. Düşünürəm ki, mən danışmalı olacağam”.
Belə söhbətin nə vaxt baş verə biləcəyinə gəlincə, prezident bunun “nisbətən tezliklə” baş verə biləcəyini vurğulamaqla birbaşa cavabdan yayınıb.
Üçtərəfli sammitin növbəti addım ola biləcəyi ilə bağlı dəqiqləşdirici suala cavab verən Tramp qeyd edib ki, formatın əhəmiyyəti yoxdur: “Danışıqlar olacaq - istər sammit, istərsə də sadəcə görüş adlandırırsınız, fərqi yoxdur. Amma yəqin ki, mən iştirak etməli olacağam. Onlar bir-birlərinə elə güclü nifrət edirlər ki, demək olar ki, danışa bilmirlər”.
Xatirə SADİQ