Zelenski və Avropa liderləri ilə danışıqlar başlayır – NATO-da
NATO-nun baş katibi Mark Rutte çərşənbə günü Ukrayna prezidenti Vladimir Zelenski və bir sıra Avropa liderləri ilə danışıqlar aparacaq.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.
“Bir sıra Avropa liderləri Avropa Şurasının iclasında iştirak etmək üçün Brüsselə gəliblər. Onlardan bəziləri Ukraynaya davamlı dəstək, xüsusən də onun hava hücumundan müdafiəsi ilə bağlı müzakirələrə qoşula bilər”, - deyə NATO məmuru bildirib.
Avropa rəsmilərinin sözlərinə görə, gözlənilən liderlər arasında Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, Polşanın baş naziri Donald Tusk və Böyük Britaniyanın baş naziri Kir Starmer var.
Görüş Rusiya ilə atəşkəs olacağı təqdirdə Avropa tərəfdaşlarının Ukraynada xarici qoşunların yerləşdirilməsi imkanlarını müzakirə etməyə başladığı bir vaxta təsadüf edir.
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp yanvar ayında vəzifəsinin icrasına başladıqdan sonra hərbi əməliyyatları tez bir zamanda dayandırmağa çalışacağına söz verib.
Bu, Kiyevdə və Avropada Kremlin təcavüzünə qarşı təxminən üç il davam edən mübarizədən sonra Ukraynanın Rusiyaya daha böyük güzəştlərə getməyə məcbur edilə biləcəyi ilə bağlı narahatlığı artırıb.
Qeyd edək ki, Zelenskinin cümə axşamı Avropa İttifaqının 27 liderinin iştirakı ilə keçiriləcək sammitdə iştirakı planlaşdırılır.
Xatirə SADİQ