ABŞ NATO və BMT-yə üzvlük haqqını dayandırır?

ABŞ prezidenti Donald Trampın administrasiyası xüsusilə də NATO və BMT-nin maliyyələşdirilməsini, demək olar ki, tamamilə dayandırmaq hesabına Dövlət Departamentinin xərclərini əlavə olaraq azaltmağı təklif edir. 

Apr 15, 2025 - 13:13
ABŞ NATO və BMT-yə üzvlük haqqını dayandırır?

SAVASHMEDİA.az xəbər verir ki, “The Washington Post” (WP) yazıb. 

WP jurnalistləri əldə etdikləri daxili sənədə əsasən, Tramp administrasiyası Dövlət Departamentinin büdcəsini demək olar ki, yarıya qədər azaltmağı və bunu humanitar yardım və səhiyyə proqramlarını, eləcə də beynəlxalq təşkilatları maliyyələşdirmək hesabına etməyi təklif edir. 

Sənəddə Dövlət Departamentinin bütün fəaliyyəti üçün 28,4 milyard dolların qalması təklif edilir. Bu isə Konqresin 2025-ci il üçün təsdiq etdiyi büdcədən 48% azdır.

Humanitar yardım və səhiyyə proqramları üzrə təklif olunan azalma 54-55% təşkil etdiyi halda, beynəlxalq təşkilatlarda söhbət demək olar ki, 90%-lik azalmadan gedir.

“Sənədə əsasən, BMT, NATO və 20 digər təşkilatın maliyyələşdirilməsi dayandırılacaq, yalnız az sayda təşkilata, o cümlədən MAQATE və Beynəlxalq Mülki Aviasiya Təşkilatına məqsədli dəqiq üzvlük haqları qalacaq”, - WP qeyd edir. 

Sənəddə həmçinin son “missiya uğursuzluqları” səbəbindən beynəlxalq sülhməramlı missiyaların maliyyələşdirilməsinin tamamilə dayandırılmasından bəhs edilir.

Bundan əlavə, sənəd Dövlət Departamentinin əməkdaşları üçün köklü dəyişikliklər təklif edir – xüsusən də bu, maaşlar, bonuslar və gündəlik ödənişlərə, yeni insanların işə götürülməsinə, vəzifələrin birləşdirilməsinə və sairə aiddir.

Aprelin 10-na aid olan sənəd Dövlət Departamentinin büdcə və planlaşdırma üzrə direktoru Duqlas Pitkin və artıq xarici yardım məsələləri üzrə direktor vəzifəsindən qovulmuş Peter Mərakeş tərəfindən imzalanıb.

Dövlət katibi Marko Rubioya sənədə münasibətini və öz təkliflərini təqdim etmək üçün çərşənbə axşamına qədər vaxt verilib. Ağ Ev sənədi aprelin sonuna qədər Konqresə təqdim etmək istəyir. 

Xatirə SADİQ