Vens Ukrayna prezidentinin sözlərindən qəzəbləndi - “Bu, absurddur…”
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya lideri Vladimir Putinin hərəkətlərinə haqq qazandırdığına dair sözlərindən hiddətlənib.
SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Vens buna cavab olaraq deyib ki, 2022-ci ildən Rusiyanı qınayıb, lakin o vaxtdan həll yolu tapmaq üçün hər iki tərəfin strateji hədəflərini anlamağa çalışıb.
Vitse-prezidentin sözlərinə görə, bu, onun Rusiyanın hərəkətlərini və ya genişmiqyaslı işğalı mənəvi cəhətdən dəstəklədiyi demək deyil.
“Ancaq siz onların strateji qırmızı xətlərinin nədən ibarət olduğunu anlamağa çalışmalısınız, eləcə də ukraynalıların münaqişədən çıxmağa çalışdıqlarını anlamağa cəhd etməlisiniz. Düşünürəm ki, Zelenskinin indi bütün hökuməti və hərbi səylərini bir yerdə saxlayan [Amerika] hökumətinə bizim necəsə rusiyalılar tərəfində olduğumuzu söyləməsi bir qədər absurddur”, - deyə Vens əlavə edib.
Xatırladaq ki, Zelenski aprelin 14-də CBS telekanalının “60 dəqiqə” proqramına müsahibəsində Rusiyanın işğalçı siyasəti ilə bağlı ABŞ-də rus narrativlərinin üstünlük təşkil etməsindən təəssüfləndiyini bildirib və Vensi Putinin hərəkətlərinə haqq qazandırmaqda ittiham edib.
Xatirə SADİQ