ADY yetim uşaqdan əl çəkmədi, məhkəmələrdə süründü və... - UDUZDU
“Azərbaycan Dəmir Yolları” QSC Ağstafa-Bakı marşrutu ilə hərəkət edən sürət qatarına daşın atılması və hadisə nəticəsində quruma 7003 manat ziyan dəyməsi ilə bağlı məhkəməyə müraciət edib.
ADY dəymiş ziyana görə hadisəni törədən yeniyetmənin ögey atasından dəymiş zərəri ödəməsini tələb edib.
Əvvəlcə onu bildirək ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin müvafiq bölməsi tərəfindən araşdırma aparılıb və məlum olub ki, Lökbatan avtomobil keçidində hərəkətdə olarkən qatarın sağ yan şüşə hissələrinə zərər verən şəxs 2009-cu il təvəllüdlü yeniyetmədir. Lakin yeniyetmə cinayət məsuliyyətinə imkan verən yaş həddinə çatmadığdan məsuliyyətdən azad edilib.
Bundan sonra ADY məhkəməyə üz tutub. 2024-cü ildə baş vermiş bu hadisəyə görə, birinci instansiya məhkəməsində ADY-nin iddiasını qəbul etməyib.
Belə ki, cavabdeh qismində çıxış edən yeniyetmənin ögey atası uşağı övladlığa götürdüyünü, ona sadəcə, atalıq verdiyini bildirib. Cavabdehin sözlərinə görə, o, xanımı ilə ADY-nin iddia qaldırdığı məsələdən 4 il öncə ayrılıb və Valeh (ad şərtidir) anasının himayəsindədir.
Beləliklə məhkəmədə zərərin cavabdehin təqsiri üzündən yaranmadığı müəyyən edilib. Belə ki, cavabdeh arvadından boşandıqdan sonra o, uşağının tərbiyəsi, onun böyüməsi ilə məşğul olmayıb. Ona görə də cavabdehin həmin yetkinlik yaşına çatmayan uşağın vurduğu zərərin əvəzini ödəməsi əsaslı sayıla bilməz.
ADY birinci instansiya məhkəməsində istədiyi nəticəni əldə etmədikdən sonra apellyasiya şikayəti verib.
Şikayətdə qeyd olunub ki, “Stadeler” tipli qatara zərər dəyməsi ilə bağlı DİN-in Nəqliyyatda Baş Polis İdarəsimin müvafiq idarəi tərəfindən araşdırma aparılıb, lakin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarılıb.
Beyləqan Rayon Məhkəməsini pozuntuda ittiham edən “Azərbaycan Dəmir Yolları” QSC Şirvan Apellyasiya Məhkəməsində də istədiyi nəticəni əldə edə bilməyib. Qurum bu dəfə Ali Məhkəməyə kassasiya şikayəti verib.
ADY şikayətini belə əsaslandırıb ki, Valehin ögey atası ilə anası boşansalar da, məsuliyyət hər ikisinin üzərinə düşür. Qurum əlavə edib ki, boşanma faktı valideynlik məsuliyyətindən azad etmir və eyni zamanda nəzərə almaq lazımdır ki, cavabdeh valideynlik hüquqlarından məhrum edilməyib.
Ali Məhkəmə isə hesab edib ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunub. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Buna görə də, ADY-nin kassasiya şikayəti təmin edilməyib, nəticədə qurum hər üç məhkəməni uduzub. (xitab24.az)