“Azərbaycan millisinə uduzmaq biabırçılıq olar” - Ukrayna meydan oxuyur

2026-cı ildə təşkil olunacaq futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin növbəti oyunları keçiriləcək. Azərbaycan millisi bugünkü rəqibi isə Ukrayna millisidir. 

Sep 9, 2025 - 12:47
“Azərbaycan millisinə uduzmaq biabırçılıq olar” - Ukrayna meydan oxuyur

SAVASHMEDİA.az xəbər verir ki, komandaların bugünkü oyunu saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. 

Ukrayna KİV-nin yazdığına görə, artıq ukraynalı bukmeykerlər öz yığma komandalarının Azərbaycan millisi üzərində asan qələbə çalacağını proqnozlaşdırırlar. 

“Biz çərşənbə axşamı rahat nəfəs ala bilərik və illərdən sonra ilk dəfə asan qələbə gözləyirik. Azərbaycanlılar tamamilə gözlənilmədən (axı, futbola külli miqdarda pul axıdılır, ölkə isə kasıb deyil) milli komanda səviyyəsində o qədər aşağı düşüb ki, hətta FİFA reytinqində 170-ci yer şəklində tarixi antirekord vura bilirlər. Hələlik rəqiblərimiz 122-ci yerdədir, lakin hər şey enişə doğru gedir”, - deyə Ukrayna mediası yazır.

Ukraynalı jurnalistlər xatırladıblar ki, Azərbaycan yığmasının son oyunu 0:5 hesablı məğlubiyyətlə nəticələnib. Özü də bu hansısa nəhəng komandaya deyil, islandiyalılara məğlub olublar. Bundan sonra baş məşqçi Fernando Santos istefaya göndərilib. 

Azərbaycan millisinin təkcə İslandiyaya deyil, son bir ildə Haitiyə 0:3, Belarusa 0:2, İsveçə 0:6 hesabı ilə uduzduğunu xatlırladan Ukrayna KİV-i belə komandaya uduzmağın Ukrayna millisi üçün biabırçılıq olacağını vurğulayıblar. 

Amma ukraynalı ekspertlər Fernando Santosun mətbuat konfransında azərbaycanlı jurnalistlərin verdikləri kəskin suallara qibtə etdiklərini gizlətməyiblər. 

“Əvvəla, istərdim ki, jurnalistlərimiz mətbuat konfranslarında belə cəsarətli olsunlar. Nədənsə oradakı media nümayəndələri Ukraynadakılardan qat-qat cəsarətlidir". 

Xatirə SADİQ