Azərbaycanın axtarışa verdiyi türk jurnalist ÜZR İSTƏDİ
Baş Prokurorluq tərəfindən beynəlxalq axtarışa verilən Türkiyənin “Şanlıurfa Olay” qəzetinin köşə yazarı Cəlal Çiftçi “X” hesabında geniş müraciət yayaraq Azərbaycan dövlətindən və xalqından üzr istəyib.
SAVASHMEDİA.az türkiyəli jurnalistin yayımladığı bəyanatın tam tərcüməsini təqdim edir:
“Açıqlamalarımın qardaş Azərbaycanda doğurduğu inciklik və kədərə görə peşmanam. İstifadə etdiyim ifadələrin məqsədimi aşması səbəbindən Azərbaycan dövlətindən və Azərbaycan xalqından açıq şəkildə və səmimiyyətlə üzr istəyirəm. Səmimi üzrümün qəbul edilməsini hörmətlə xahiş edirəm.
Məqsədim bir jurnalist kimi baş örtüsü məsələsində duyduğum həssaslığı, din və vicdan azadlığına dair fikir və düşüncələrimi ifadə etmək idi. Lakin düşüncələrimi izah edərkən istifadə etdiyim dilin doğura biləcəyi nəticələri daha diqqətlə qiymətləndirməli, özümü daha aydın və diqqətli ifadə etməli idim.
Azərbaycanın daxili işlərinə müdaxilə etmək, xalqı dövlətə qarşı qaldırmaq, ölkədə iğtişaş yaratmaq, hakimiyyətin zorla ələ keçirilməsini və ya konstitusiya quruluşunun zorla dəyişdirilməsini istəmək kimi bir məqsədim heç vaxt olmayıb və ola da bilməz. Dini nifrət, ədavət və ya ayrı-seçkilik yaratmaq niyyətim də yoxdur. Mənə qarşı irəli sürülən bu istiqamətdəki ittihamları qəbul etmirəm.
Sözlərim belə bir çağırış kimi anlaşıldısa, gerçək düşüncəmin bu olmadığını açıq şəkildə bildirirəm. Zorakılığı, çevrilişi, təhdidi və güc tətbiq etməyi rədd edirəm. Heç kimi qanunsuz bir əmələ dəvət etmirəm. Açıqlamalarımın da belə bir əmələ bəhanə edilməsini istəmirəm.
Azərbaycan qardaş dövlətdir; Azərbaycan xalqı bizim qardaşımızdır. Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və konstitusiya quruluşuna hörmətim tamdır. Azərbaycanın gələcəyi ilə bağlı qərarların Azərbaycan xalqına və onun öz konstitusiya qurumlarına aid olduğunun şüurundayam.
Baş örtüsü ilə bağlı həssaslığımın təməlində insanların inancları və geyim seçimləri səbəbindən kənarlaşdırılmaması düşüncəsi dayanır. Başını örtənin də, örtməyənin də ləyaqətinə, hüquqlarına və azad iradəsinə hörmət edirəm. Bu mövzudakı düşüncələrimi yalnız hüquq, qarşılıqlı hörmət və dinc dialoq çərçivəsində ifadə etmək istəyirəm.
Söz və mətbuat azadlığına arxalanarkən başqalarının hüquqlarını, ictimai dincliyi və istifadə etdiyim dilin məsuliyyətini də nəzərə almalı olduğumun fərqindəyəm. Uyğun bilmədiyim məzmunları bu anlayışla sildim. Bundan sonrakı açıqlamalarımda daha diqqətli və məsuliyyətli olacağam.
Türkiyədə və Azərbaycanda hər kəsdən xahişim bu açıqlamamın səmimiyyətlə qiymətləndirilməsidir. Tənqidə açığam. Lakin şəxsimin və ya hər hansı bir şəxsin təhqir, təhdid və linç kampaniyalarının hədəfinə çevrilməsini istəmirəm. Baş örtüsü üzərindən də heç bir insanın hədəf göstərilməsini doğru hesab etmirəm. Fikir ayrılıqlarının ədavətə çevrilməməsini diləyirəm.
Aidiyyəti qurumlardan açıqlamalarımın bütününün, kontekstinin və burada açıq şəkildə ifadə etdiyim niyyətimin ədalətli şəkildə qiymətləndirilməsini tələb edirəm. Üzrüm Azərbaycan dövlətinə və xalqına duyduğum hörmətin, səbəb olduğum inciklikdən duyduğum peşmanlığın ifadəsidir. Törətmədiyimi bildirdiyim ittihamları qəbul etdiyim mənasına gəlmir.
Qardaşlığımıza zərər vermək istəmədim. Sözlərimlə incikliyə səbəb olduğum üçün kədərlənirəm və peşmanam. Azərbaycan dövlətindən və Azərbaycan xalqından bir daha üzr istəyir, üzrümün qəbul edilməsini xahiş edirəm.
İki dövlət, tək millət”.