Bazar günü Avropa liderləri Londonda bir araya gələcəklər

Böyük Britaniyanın baş naziri Kir Starmer ondan çox Avropa liderini martın 2-də Ukrayna və təhlükəsizliklə bağlı Londondakı sammitə dəvət edib.

Feb 28, 2025 - 13:35
Bazar günü Avropa liderləri Londonda bir araya gələcəklər

SAVASHMEDİA.az bu barədə “France-Press” agentliyinə istinadən xəbər verir.

Sammitə Fransa, Almaniya, Danimarka və İtaliya da daxil olmaqla bütün qitə Avropasının liderlərini, həmçinin Türkiyə, NATO və Avropa İttifaqının (Aİ) liderləri dəvət olunub. Fevralın 27-də Ağ Evdə ABŞ prezidenti Donald Trampla danışıqlardan sonra Starmer Niderland, Norveç, Polşa, İspaniya, Finlandiya, İsveç, Çexiya və Rumıniya liderlərini də sammitə dəvət edib.

“Baş nazir sammitdən Ukrayna ilə bağlı Avropanın fəaliyyətini inkişaf etdirmək üçün istifadə edəcək. Bu, ədalətli və davamlı sülhün və Ukraynanın gələcək suverenliyini və təhlükəsizliyini təmin edən uzunmüddətli razılaşmanın təmin edilməsinə kollektiv sarsılmaz dəstəyimizi göstərəcək”, - deyə baş nazirin ofisindən bildirilib. 

NATO-nun baş katibi Mark Rutte, Aİ liderləri Ursula fon der Lyayen və Antonio Koştanın da sammitdə iştirakı gözlənilir.

Əsas sammitdən əvvəl Starmerin Baltik ölkələri ilə telefon danışığının olacağı, sonra isə Dauninq Stritdə Ukrayna prezidenti Vladimir Zelenski və İtaliyanın baş naziri Corca Meloni ilə tet-a-tet görüşəcəyi bildirilir. 

Xatirə SADİQ