BMT TŞ bu iki ölkəni hücumlara son qoymağa çağırdı

BMT Təhlükəsizlik Şurasının (TŞ) üzvləri İsraili və İranı bir-birinə qarşı hücumlara son qoymağa çağırdılar.

Oct 29, 2024 - 15:02
BMT TŞ bu iki ölkəni hücumlara son qoymağa çağırdı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.

Təhlükəsizlik Şurasının təcili iclası İsrailin şənbə günü gecə İranın üç vilayətində raket zavodlarına hava zərbələri endirməsindən sonra İranın tələbi ilə çağırılıb. Şura üzvlərindən Əlcəzair, Çin və Rusiya bu tələbi dəstəkləyib.

ABŞ səfiri Linda Tomas-Qrinfild ölkəsinin bölgədə daha da gərginləşməni görmək istəmədiyini və hər iki tərəfə müraciət etdiyini bildirib.

“Birləşmiş Ştatların İsrailə mesajı aydın olaraq qalır: biz həmişə onun xalqını və ərazisini İrandan, onun terrorçu yetirmələrindən və tərəfdaşlarından müdafiə etməyə kömək edəcəyik. Bizim İrana mesajımız da əvvəlki kimi aydındır: əgər o, İsrailə və ya bölgədəki ABŞ personalına qarşı növbəti təcavüzkar addımlar atmağa qərar verərsə, bunun ciddi nəticələri olacaq. Biz tərəddüd etmədən özünümüdafiə tədbirləri görəcəyik”, - deyə səfir vurğulayıb.

Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya öz növbəsində İsrailin hərəkətlərini tənqid edib: “Qərbi Qüdsdə onlar bütün gücləri ilə indiki şəraitdə müstəsna təmkin nümayiş etdirən İranı qarşıdurmaya sürükləməyə çalışırlar”. 

“Bütün tərəflər təmkinli davranmalıdır. Bu şiddətlənən zorakılıq dövrünə yanacaq əlavə etməkdən yaxşı heç nə gəlməyəcək”, - Britaniya səfiri Barbara Vudvord bildirib.

İsrailin BMT-dəki səfiri Denni Danon ölkəsinin cavabının ölçülü və mütənasib olduğunu bildirib. 

O, təkrar təxribatın ağır nəticələri olacağı barədə İran liderlərinə xəbərdarlıq edib: “İsrail təmkin nümayiş etdirdi. Ancaq bundan sonra siz yalnız güc görəcəksiniz”.

Xatirə SADİQ