Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırıq – G5 ölkələri və Aİ
Almaniya, Fransa, İtaliya, Polşa, İspaniya və Böyük Britaniya hökumətləri Rusiyaya qarşı sanksiya təzyiqlərini artırmağa hazır olduqlarını bəyan ediblər.
SAVASHMEDİA.az “Azadlıq Radiosu”na istinadən xəbər verir ki, bu barədə altı ölkənin xarici işlər nazirlərinin və Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Kaya Kallasın birgə bəyanatında deyilir.
Bəyanatda deyilir ki, ölkələr Rusiyanın Ukraynaya qarşı müharibə aparmasının qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə edərək ona qarşı növbəti təzyiqlər göstərməyə hazırdırlar. Nazirlər bir daha vurğulayıblar ki, Kreml müharibəni bitirənə və Ukraynaya vurduğu zərəri kompensasiya edənə qədər Rusiyanın Qərb ölkələrindəki aktivləri dondurulmuş vəziyyətdə qalmalıdır.
Bəyanata görə, ölkələr “Ukraynanın hərbi və müdafiə sənayesini və ya tərəfdaş ölkələrin Ukraynada hərbi mövcudluğunu” məhdudlaşdıran heç bir sülh sazişini qəbul etməyəcəklər.
“Avroatlantik təhlükəsizliyi və Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü təhdid edən heç bir razılaşma ola bilməz”, - deyə bəyanatda vurğulanır.
Nazirlər həmçinin Rusiyanı atəşkəs danışıqlarında “gecikdirmə taktikasını” dayandırmağa çağırıblar. Onlar nəzərə çatdırıblar ki, Ukrayna sülhə güclü sədaqətini nümayiş etdirib, o cümlədən ilkin şərt olmadan tam atəşkəsə razılaşıb.
“Lakin Rusiyanın Ukraynaya qarşı təcavüzü dayanmayıb. Rusiya yeni şərtlər irəli sürmək, Ukrayna şəhərlərinə və infrastrukturuna, getdikcə daha çox insan tələfatına gətirib çıxaran hücumları davam etdirmək əvəzinə, indi öz müharibəsini dayandırmağa ciddi kökləndiyini nümayiş etdirməlidir”, - bəyanatda deyilir.
Xatirə SADİQ