“Bu hərəkət Macarıstanın suverenliyinə qəsddir” – Peter Siyarto
“Ukrayna pilotsuz təyyarələrinin Krasnodar diyarındakı “Russkaya” kompressor stansiyasına hücumu Macarıstanın enerji təchizatı üçün təhlükədir”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto özünün “Facebook” səhifəsində bildirib.
Siyarto bildirib ki, ölkəsinin enerji təchizatımızın təhlükəsizliyini təhdid edən hər bir hərəkət ölkənin suverenliyinə qəsd kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, “Türk axını” Macarıstanın və Mərkəzi Avropanın qaz təchizatında əvəzolunmazdır və uzun illərdir etibarlı şəkildə fəaliyyət göstərir.
Siyarto vurğulayıb ki, bu qaz təchizatı marşrutunun təhlükəsizliyinin təmin ediləcəyinə ümid edir.
Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, Avropa ölkələrinə qaz tədarükünü dayandırmaq məqsədi ilə pilotsuz təyyarə hücumu yanvarın 11-də həyata keçirilib.
Nazirlik nəzərə çatdırıb ki, Rusiya hava hücumundan müdafiə sistemləri bütün doqquz pilotsuz təyyarəni vurub, itki olmayıb, sadəcə qaz ölçmə məntəqəsinin binası və avadanlıqları pilotsuz uçan aparatın qalıqları səbəbindən cüzi ziyan görüb. Lakin hücumun nəticələri çevik şəkildə aradan qaldırılıb.
“Kompressor stansiyası ştat rejimində “Türk axını” boru kəmərinə qaz ötürür. İşdə heç bir fasilə olmayıb”, - Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
“Russkaya” kompressor stansiyası Rusiyadan Türkiyəyə uzanan “Türk axını” qaz kəmərinin başlanğıc nöqtəsidir. İki xəttin tutumu ildə 31,5 milyard kubmetrə çatır. Birinci vasitəsilə yanacaq Türkiyəyə, ikinci ilə isə Cənubi və Cənub-Şərqi Avropa ölkələrinə nəql edilir.
2018-ci ildə tikilən bu stansuya Krasnodar diyarının Anapa şəhəri yaxınlığında yerləşir. Onun vasitəsilə ilk qaz tədarükü 2020-ci ildə başlayıb.
Xatirə SADİQ