Duda tənqidə məruz qaldı – Trampla cəmi 10 dəqiqə danışa bilib
Polşa prezidenti Andjey Dudanın amerikalı prezident Donald Trampla ABŞ-dəki görüşü sərt tənqidlərə məruz qalıb.
SAVASHMEDİA.az xəbər verir ki, bubarədə “Eusactiv” məlumat yayıb.
Məlumata görə, Mühafizəkar Siyasi Fəaliyyət Konfransı (CPAC) çərçivəsində bir araya gələn iki liderin görüşü cəmi 10 dəqiqə çəkib. Polşa tərəfinin saatlarla göslədiyi qısa söhbətdə ABŞ-nin Polşadakı hərbi mövcudluğu və Ukraynadakı müharibəyə son qoyulması müzakirə edilib.
“Vətəndaş Platforması”ndan deputat və parlamentin xarici əlaqələr komitəsinin üzvü Marçin Boşacki görüşün qeyri-peşəkar şəkildə təşkilini pisləyib, Dudanın Trampı uzun müddət gözləməsinə və son dərəcə qısa söhbətə eyham vurub. “Duda və Trampın görüşünün ideyası tərifə layiq olsa da, hər şey səhv edilib”, - deyə deputat “X” sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, Polşa prezidenti nə CPAC konfransında, nə də Trampla birgə mətbuat konfransında ölkəsinin mövqeyini təqdim etməyib, Macarıstanın baş naziri Viktor Orban isə fürsətdən istifadə edərək, öz rusiyayönlü və anti-Avropa baxışlarını səsləndirib.
Dudanın Amerikaya “PiS”in nümayəndəsi kimi deyil, dövlət başçısı kimi getdiyini xatırladan “Vətəndaş Platforması”nın üzvü Kşiştof Brejza “Radio Zet”ə bildirib ki, Dudaya layiq olduğu ciddiliklə yanaşmaq lazımdır və səfər daha yaxşı planlaşdırılmalı idi.
Avropa Parlamentinin üzvü Yoanna Şoyrinq-Velqus deyib ki, Trampla qısa görüş “şapalaq” kimi qəbul edilsə də, hazırkı vəziyyətdə istənilən belə görüş dəyərlidir.
“Mən insanları emosiyaları ilə diqqətli olmağa çağırardım, çünki biz görüş zamanı nəyin müzakirə olunduğunu bilmirik”, - deyə avropalı parlamentari vurğulayıb.
Baş nazir Donald Tusk da vəziyyətə ciddi yanaşmağa çağırıb: “Burada üzərində güləcək heç nə yoxdur. Gəlin ciddi olaq, çünki vəziyyət (təhlükəsizliklə bağlı) çox ciddiləşir”.
Xatırladaq ki, Trampla görüşdən sonra Duda bildirib ki, Ukrayna Amerikanın dəstəyi olmadan müharibədən sağ çıxa bilməyəcək və bu müharibəni birtəhər bitirmək lazımdır.
O, həmçinin qeyd etmişdi ki, Tramp onu Polşada ABŞ hərbçilərinin mövcudluğu məsələsində əmin edib.
Xatirə SADİQ