"Rusiya məsuliyyət daşıyır" - AİHM-dən qərar

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 24 fevral 2022-ci il tarixindən əvvəl və sonra Ukraynanın işğal olunmuş ərazilərində kütləvi və sistemli insan hüquqlarının pozulmasına, habelə 2014-cü ildə Donetsk vilayəti üzərində “Malayziya Hava Yolları”na məxsus MH17 reysinin vurulmasına görə Rusiya Federasiyasının məsuliyyət daşıdığını elan edib.

Jul 9, 2025 - 16:05
"Rusiya məsuliyyət daşıyır" - AİHM-dən qərar

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə məhkəmənin qərarında deyilir.

Məhkəmə yekdilliklə müəyyən edib ki, Rusiyanın Avropa Şurasına üzvlüyünün dayandırıldığı 16 sentyabr 2022-ci il tarixindən əvvəl baş vermiş hadisələrlə bağlı bu şikayətlər üzrə yurisdiksiyaya malikdir.

Məhkəmə qeyd edib ki, Ukraynada baş verən hadisələr Avropa Şurası tarixində görünməmiş hadisədir. 

“Döyüşlərin xarakteri və miqyası, Ukraynanın dövlətçiliyi, müstəqilliyi və mövcudluq hüququ ilə bağlı (Rusiya tərəfindən) məşum bəyanatlar Avropada uzun müddətdir ki, normal qəbul edilən dinc yanaşı yaşamaya təhlükə yaradır”, - məhkəmənin rəyində deyilir. 

Qeyd olunub ki, oxşar ritorika Polşa, Moldova və Baltikyanı ölkələrlə bağlı da vaxtaşırı səsləndirilir. 

Məhkəmə Rusiyanı 11 may 2014-cü il tarixindən 16 sentyabr 2022-ci il tarixinədək hərbi əməliyyatların aparılmasına görə məsuliyyətini tanıyaraq, AİHM-nın 2 və 3-cü maddələrinin və 1 saylı Protokolun 1-ci maddəsinin, fevralın 24-dən sonra isə AİHM-in 8-ci maddəsinin pozulduğunu müəyyən edib.

Məhkəmə həmçinin müəyyənləşdirib ki, Donbass üzərində MH17 reysi Rusiyanın “Buk” hava hücumundan müdafiə sistemi tərəfindən vurulub və bunun törədilməsinə görə Rusiya məsuliyyət daşıyır. Bu kontekstdə AİHM-in 2 və 3-cü maddələrinin pozulması tanınıb.

Xatirə SADIQ