Ehtiyatlı olun, qapılar bağlandı - Gürcüstan öz sözünü dedi
Seçkilər bitən kimi, hətta tamamlanmamış, müxalifətin etiraz mitinqi və yürüşlərə çağırışı müasir dövrdə adi hal alıb.
Keçən ay Gürcüstanda da bu baş verdi. Maraqlıdır, müxalifət qalib gəlsəydi, uduzan tərəf yeni seçkilərə çağırış etsəydi necə olardı. Seçki ardınca etiraz, sonra yeni seçki... Ölkənin başı gicəllənməzmi?!
Gürcüstan iqtidarı Rusiyaya bağlıdır. Bunu hamı anlayır. Amma hazırda ölkənin əsas başağrısı Rusiya deyil.
Yaxın keçmişdə Moskva şıltaq katsoların dərsini vermək üçün Abxaziya, Cənubi Osetiya və Acarıstana əlini uzatdı. Yerli milli azlıqlar kremlpərəst əhval-ruhiyyədə idi. Əgər ilk iki bölgə Rusiya ilə sərhəddə yerləşirdisə, Acarıstan Türkiyəyə bitişik durmuşdu. ABŞ, NATO, Ankara inadkarlıq göstərdi. RF xarici işlər naziri İvanov Batuma şəxsən gedib yerli "xan"ı Moskvaya apardı. Amma 2008-ci ildə Abxaziya və Cənubi Osetiya əvvəlcə hərbi, sonra siyasi yolla imperiyanın tərkibindən çıxarıldı.
Tarixdə ən qorxunc silahın - hidrogen bombasının yaradıcısı Andrey Saxarov sonradan "imam övladı"na döndü, axırıncı arvadının təsiri altında qondarma sülh və insan haqları müdafiəçisi oldu. Erməni xanımı Yelena Bonnerin fikrini səsləndirərək dedi ki, Qarabağ ermənilərə verilməlidir. Lakin ondan doğru xəbər də eşitdik. Saxarov Gürcüstanı kiçik imperiya adlandırmışdı. Dəqiq tərifdir! Adı gürcülərə işarə edən dövlət, əslində, neçə-neçə azsaylı xalqların ərazisini özündə birləşdirir. Bir neçəsi isə oraya gəlmədir: ruslar, ermənilər, ukraynalılar, almanlar...
Abxazlar illər uzunu Tiflisin işğalına qarşı qəhrəmancasına döyüşüblər. Azadlıqpərvər çeçenlər də onlara dəstək olublar. Ruslar haradan qovulsalar və ya özləri çıxıb getsələr, Rusiyanın hər hansı bölgəsinə üz tuta bilərlər. Ermənilərin, üzdən iraq, Ermənistanı, Rusiyası, Fransası, nəhayət, doğma Hindistanı var. Abxazların isə Abxaziyadan başqa vətəni yoxdur. Onlar öz ata-baba yurdunda müstəqil yaşamaq istəyirlərsə, buna hörmətlə yanaşmaq lazımdır. Təəssüf ki, tarixin enişli-yoxuşlu dövründə azadlıq hərəkatı rusların hərbi əməliyyatı ilə üst-üstə düşdü. Rusiya nə vaxtsa geriyə oturdulanda, Abxaziya müstəqilliyini saxlamalıdır. Buna Avropanın güclü dövlətləri təminat verməlidir. Lakin indiki Aİ Gürcüstanda bülletenlər sayılmamış, seçkiləri qeyri-qanuni adlandırdı. Qərb Gürcüstanı Rusiyanın təsir dairəsindən çıxarmaq istəyir. Bir də istəyir ki, öz təsiri altına salsın. Bəs nəyini istəmir? Təsir altında olmamasını. Onu həqiqətən müstəqil görmək istəmir.
Gürcüstan ancaq emal sənayesinə malikdir. Tomat və kompot ölkəsidir, şərab buraxır, mineral suları qablaşdırıb satır. Həmçinin turizmlə dolanır. İqlim dəyişəndə, bütün bunlardan məhrum olacaq. Hazırda iqtisadiyyatının ən mükəmməl, sabit gəlir mənbəyi ərazisindən zəngin karbohidrogen axınının nəqlidir. Məlumdur ki, neft və qazımız nə vaxtsa bitəcək. O zaman yük daşımaları daha məqbul marşrutlar üzrə hərəkət etsə, Gürcüstan tranzit ölkə statusunu da itirəcək. Bu vaxt imperiya ərazisindən hələ köçməyib qalan əhali bəs nə yeyəcək? Sənə sirr açım: Gəncə qapısını. Məhz buna görə Tiflis guya dost və qardaşımız olduğu, çətin anda əlimizə baxdığı halda, bir zaman qoparıb apardığı taxta qapını qaytarmır. Böyük Britaniya, federativ Almaniya, bir çox başqa ölkələr oğurlayıb apardıqları incəsənət əsərlərini, zinət əşyalarını sahiblərinə qaytardığı halda, Gürcüstan bunu etmir. Qəribə burasıdır ki, ağır dövründə, qarlı-şaxtalı qışında Gürcüstana yanacaq, elektrik enerjisini artırmışıq, onların kilsələrini qazla pulsuz(!) təmin etmişik, amma hətta ictimai səviyyədə səsimiz çıxmır, tarixi abidənin qapısının qaytarılması tələbi səslənmir.
Gəncə qapısı gürcülər üçün rəmzi məna daşıyır. Yəni "divarınızı vurub dağıtdıq", "qadınınızı götürüb apardıq". Mən deyil, gürcülər buna belə məna veriblər, odur ki, aparıblar. Və indi arvad-uşaqları qazımızın oduna isindikləri zaman da onu qaytarmırlar. Tiflisimizi, Şeytanbazarımızı, milli abidələrimizi özününküləşdirdikləri halda, taxta qapıya da göz dikiblər. Üstəlik, utanmayıb sərhəd mübahisəsi sürürlər!
Həmişə demişəm: gürcülər ermənilərin tayı deyil, daha pisdirlər. Uşaqlıqdan böyük simpatiyam olmuş, məclislərimizin yuxarı başında oturmuş müğənni və kino aktyoru Vaxtanq Kikabidze Azərbaycan ərazisinin işğalına qarşı 30 ildə bir kəlmə də demədi. Dmitro Qordona müsahibəsində isə Rusiyanın Ukraynaya təcavüzünü pislədi ki, "belə etmək olmazdı, axı ukraynalılar da pravoslav xristiandırlar". Millət, dövlət, insanlar, insanlıq, haqq, ədalət qaldı altda. Üzə dini mənsubiyyət çıxdı. Şübhəsiz, belə naqis düşüncə ilə Kikabidze bizləri özünə heç vaxt qardaş saymayıb.
Hakimiyyət qazanc mənbəyidir. Hətta yoxsul dövlətlərdə də. Gürcüstanın müxalif siyasətçiləri bunu bilirlər, buna ümid edirlər. Sıravi adamlar isə Qafqazda qalaraq, Avropadakı kimi yaşamaq, oraya vizasız gedib-gəlmək istəyirlər. Amma İttifaq Gürcüstan kartından bölgədə Rusiyanın mövqelərini yoxa çıxarmaq, özü lövbər salmaq üçün istifadə etmək niyyətindədir. Əminəm ki, Emma Makron kimiləri Gürcüstanla Ermənistanın hərbi-siyasi alyansını yaradacaqdı, Azərbaycanın Türkiyəyə və daha qərbə doğru quru yolunu bloka salacaqdı. Alınmadı! Gürcüstanın seçiminə hörmət etməyən Avropa (İT)tifaqının isə üzünə Qafqaza yol bağlandı.
A.ƏZİZ.