Eks-prezident zorlamada ittiham edilir - Boliviyada

Boliviyanın cənubunda yerləşən Tarixa şəhərinin prokurorluğu yeniyetmənin zorlanmasında ittiham etdiyi eks-prezident Evo Moralesin həbsinə order verib.

Oct 4, 2024 - 12:46
Eks-prezident zorlamada ittiham edilir - Boliviyada

SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Bolivia TV məlumat yayıb.

Ölkənin Ədliyyə Nazirliyi eks-prezidentə qarşı araşdırmanın aparılmasına 2020-ci ildə təşəbbüs göstərib, lakin həmin vaxt proses müəmmalı şəkildə yarımçıq saxlanılıb. Hazırda nazirlik eks-prezidentin işini aparan həmin hakim barəsində araşdırma aparılmasını tələb edir. 

“Biz ağır cinayətlərin cəzasız qaldığından xəbər tutduq. Mən konkret olaraq 15 yaşında olarkən zorlanmış qızı nəzərdə tuturam”, - deyə nazir Sezar Siles bildirib.

Dövlət ittihamına görə, bu olay 2015-ci ildə – Morales hakimiyyətdə olarkən baş verib. Zorlanma nəticəsində qız hamilə qalıb, bir il sonra, 16 yaşındaykən övladını dünyaya gətirib. 

İstinaq hesab edir ki, yeniyetmənin valideynləri Moraleslə qızlarının zorakı əlaqəsindən “bəhrələnib”. Özəlliklə də qızın anasını Tarixa şəhər qanunvericilik məclisinə namizəd irəli sürməyə hazırlaşırdılar. Prokurorluğun orderində deyilir ki, Moralesin insan alverinə aidiyyatına dair kifayət qədər sübutlar var. 
Morales ittihamları birbaşa şərh etməyib, lakin X-də yazıb ki, bütün neoliberal hökumətlər, o cümlədən indiki hökumət onu hədələyib, təqib ediblər, həbsə salıblar, öldürməyə çalışıblar. “Mən qorxmuram! Məni susdura bilməyəcəklər! Məni heç vaxt tərk etməyən bacı və qardaşlarımla birlikdə, xalqımla birlikdə döyüşməyə davam edəcəyəm”. 

Qeyd edək ki, Morales dördüncü prezidentlik müddəti zamanı xalqın tələbi ilə istefa verməyə və Boliviyanı tərk etməyə məcbur olub. 2020-ci ilin noyabrında ölkəyə qayıdan Morales 2025-ci il prezident seçkilərində iştirak etmək niyyətindədir. 

Xatirə SADİQ